Firdovsi Şahbazov: “Azərbaycan üzərindən daşımalar artacaq”
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib ki, ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub:
“Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycan üzərindən daşımalar artacaq: “2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı ilə ümumilikdə 19 milyon 619,8 min ton yük daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu ilə daşınan yüklərin həcmi 8,2%, avtomobil nəqliyyatı ilə yükdaşımalar isə 6,8% artıb. Azərbaycan son illərdə Avrasiya məkanında əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində iri infrastruktur layihələrini davam etdirir. Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və logistika infrastrukturuna milyardlarla dollar həcmində investisiyalar yatırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın Avropa ilə Asiya arasında tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsinə yönəlib. Orta Dəhlizin inkişafı bu istiqamətdə prioritet sahələrdən biri olaraq qalır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri marşrut üzrə yükdaşımaların genişləndirilməsinə xidmət edir”.
Vidadi ORDAHALLI