2027-dən yüksək pensiyalara yeni qayda – 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək
2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı. Yeni mexanizm isə yüksək məbləğdə pensiya alanlar üçün fərqli indeksləşdirmə nəzərdə tutur.
Orta aylıq əməkhaqqının 1176,7 manat olduğu nəzərə alınaraq, bu məbləğədək pensiyalar tam indeksləşdiriləcək. Pensiyası bu həddi keçən şəxslərdə isə 1176,7 manatdan yuxarı hissəyə daha aşağı əmsal tətbiq olunacaq. Göstərilir ki, orta maaşdan yüksək, 5 min manatdan aşağı pensiyalarda indeksləşmə faizinə 0,5, pensiyanın 5 min manatdan yuxarı olan hissəsinə isə 0,2 əmsalı tətbiq ediləcək.
Yeni mexanizmin pensiyalar arasındakı fərqi azaltması və median pensiyanın yüksəldilməsi məqsədi daşıdığı bildirilir. Hazırda pensiyaçılar əhalinin 10,7 faizini, yəni təxminən 1,1 milyon nəfəri təşkil edir və iyulda orta pensiya 594,4 manat olub.
İndi isə artımları müxtəlif kateqoriyaya düşən pensiyaların timsalında əyani şəkildə izah edək.
Məsələn, 1000 manat pensiya alan şəxsin pensiyası əvvəlki qaydada 9,3 faiz, yəni 93 manat artaraq 1093 manata çatacaqdı. Yeni qaydada da bu məbləğ 1176,7 manatdan aşağı olduğu üçün pensiya yenə 1093 manat olacaq. Yəni 1000 manat pensiya alan üçün dəyişiklik olmayacaq.
2000 manat pensiya alan şəxs əvvəlki qaydada 186 manat artım əldə edərək 2186 manat alacaqdı. Lakin yeni mexanizmdə isə ilk 1176,7 manat 9,3 faiz artırılaraq 1286,13 manata çatacaq. Qalan 823,3 manatlıq hissəyə isə 4,65 faiz, yəni 9,3 faizin 0,5 əmsalı tətbiq ediləcək və bu hissənin artımı 38,29 manat olacaq. Nəticədə ümumi artım təxminən 147,72 manat, yeni pensiya isə 2147,72 manat təşkil edəcək.
5000 manat pensiya alan şəxs əvvəlki sistemdə 465 manat artım əldə edərək 5465 manat alacaqdı. Yeni sistemdə 1176,7 manatlıq hissənin artımı 109,43 manat, qalan 3823,3 manatın 4,65 faizlə artımı isə 177,78 manat olacaq. Beləliklə, ümumi artım təxminən 287,21 manat, yeni pensiya isə 5287,21 manat təşkil edəcək.
7000 manat pensiya alan şəxs əvvəlki qaydada 651 manat artım əldə edərək 7651 manat alacaqdı. Yeni mexanizmdə ilk 1176,7 manat üzrə artım 109,43 manat, 1176,7–5000 manat arasındakı 3823,3 manat üzrə artım 177,78 manat olacaq. 5000 manatdan yuxarı olan 2000 manatlıq hissəyə isə 9,3 faizin 0,2 əmsalı tətbiq ediləcək, yəni 1,86 faiz artım tətbiq ediləcək və bu hissə 37,20 manat artacaq. Nəticədə ümumi artım təxminən 324,41 manat, yeni pensiya isə 7324,41 manat olacaq.
Beləliklə, 9,3 faizlik indeksləşmə nümunəsi ilə müqayisədə 1000 manat pensiyada artım 93 manat olaraq dəyişməz qalır. 2000 manat pensiyada artım 186 manatdan 147,72 manata, 5000 manat pensiyada 465 manatdan 287,21 manata, 7000 manat pensiyada isə 651 manatdan təxminən 324,41 manata düşür. Yeni mexanizmin mahiyyəti ondan ibarətdir ki, pensiya məbləği yüksəldikcə onun yuxarı hissəsinə tətbiq olunan indeksləşmə əmsalı azalır.
Akif NƏSİRLİ