Ermənistanın yeni Konstitusiya layihəsində Erməni Apostol Kilsəsi ilə bağlı maddəyə kiçik dəyişiklik edilib.
Məlumata görə, hazırkı Konstitusiyada müvafiq müddəa belədir: “Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənə bilər”.
Yeni Konstitusiya layihəsində isə bu ifadə dəyişdirilərək “Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənir” formasında təqdim olunub.
Beləliklə, hazırkı Konstitusiyada münasibətlərin qanunla tənzimlənməsi mümkünlük kimi ifadə edildiyi halda, yeni layihədə bu, birbaşa hüquqi tələb kimi göstərilir.
Maddənin birinci hissəsində isə dəyişiklik edilməyib. Həmin müddəaya əsasən, Ermənistan Respublikası Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında milli kilsə kimi müstəsna missiyasını tanıyır.
Qeyd edək ki, bu dəyişiklik Paşinyan hökumətinin hazırladığı yeni Konstitusiya layihəsində kilsə ilə dövlət arasındakı münasibətlərin hüquqi çərçivəsinə dair diqqətçəkən yeniliklərdən biridir.
Tahir TAĞIYEV