Xaqani Cəfərli: “...Gözlənilən islahatlar və yaxud yeni təsisatın yaranması ciddi bir nəticə verməyəcək”
Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Zirvə Toplantısı çərçivəsində Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti arasında tarixdə ilk üçtərəfli görüş baş tutub.
Çinin Şençjen şəhərində keçirilən APEC Zirvə Toplantısı çərçivəsində ilk dəfə görüşən Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin BMT-də islahatların aparılmasını dəstəkləyən "Sülh haqqında Birgə Bəyannamə" qəbul ediblər.
Tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal çağırışlara daha səmərəli cavab verməsi və beynəlxalq sülh və təhlükəsizlik missiyasına uyğun fəaliyyət göstərməsi üçün təşkilatda islahatların aparılmasına sadiq olduqlarını bildiriblər.
Nəzərə alsaq ki, indiyə qədər BMT-nin tribunasında Trampın özü, eləcə də Azərbaycan Prezidenti dəfələrlə BMT-də islahatların aparılmasının vacibliyini barədə məsələ qaldırıblar. Bu nəticə verməyibsə və BMT-nin faktiki olaraq qüvvədə olan nizamnaməsini pozanların ikisi ABŞ və Rusiyadırsa, bunlar BMT-nin Təhlükəsizlik Şurasının veto hüququna malik olan tam səlahiyyətli üzvləridirsə, dünya düzəninin qayda qanunlarını açıq şəkildə pozublarsa BMT də islahatların məhz onların iradəsi ilə aparılması hansısa ədalətli nəticəyə gəlib çıxmağa imkan verərmi?
Bu ölkələr BMT-ni nə günə qoydular ki, yeni yaranan təşkilatın quruculuq prosesinə də rəhbərlik etsinlər. Bu nə dərəcədə uyğun görsənir?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən formalaşmış dünya nizamının məhsulu idi. “BMT-nin yaradılmasında da qalib dövlətlər - ABŞ, Sovet İttifaqı və Böyük Britaniya- məşhur Yalfa Konfransında qərar veriblər. BMT-nin yaradılması ilə bağlı Yalta razılaşmasında qalib dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ ilə bağlı qayda və mexanizmləri də müəyyən etmişdilər.
İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamı dağılmağa başlayanda BMT-də islahatların zəruriliyi gündəmə gəldi. Lakin burada bir problem var: Çin və Rusiya İkinci Dünya Müharibəninin nəticələrinin qorunub saxlanılmasının zərurətindən danışdığı halda, Yaponiya və Almaniya həmin nəticələrin ləğvini tələb edir. Yaponiya, Almaniya Hindistan kimi ölklərlə yanaşı BMT Təşlükəszilik Şurasının veto hüquqlu daimi üzvü olmaq istəyir. Bu ziddiyyətli mövqeləri ortaq məxrəcə gətirmək çox çətindir.
Siyasət hüquqdan üstün olduğu müddətdə BMT-də aparılması gözlənilən islahatlar və yaxud yeni təsisatın yaranması ciddi bir nəticə verməyəcək. Üstəlik, ABŞ, Çin kimi böyük dövlətlər olmadan bəşəriyyət qarşısında dayanan problemləri həll etmək gücündə deyil. Bu iki ölkə dünya iqtisadiyyatının təxminən yarısını,texnologiyasının yarıdan çoxunu təşkil edirlər. Ona görə bəşəriyyət istəsə belə ədalətli sistem qura bilməz. BMT kimi istənilən təsisat qismən ədaləti təmsil edəcək. Acı gerçəklik bundan ibarətdir”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA