Bu gün Azərbaycanın tarixi şəhərlərindən biri olan Ağdamda Şəhər Günü qeyd olunur. Noyabrın 20-si Ağdamın Ermənistanın işğalından azad edildiyi əlamətdar tarix kimi xalqımızın yaddaşında xüsusi yer tutur.
Ağdam Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla təsis edilib. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi Zəfərin mühüm mərhələlərindən birini simvolizə edir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusu rayonun ərazisinə daxil olub, Ağdam şəhərində Dövlət Bayrağımız ucaldılıb və Dövlət Himnimiz səsləndirilib.
Ağdamın azad olunması uzun illər davam edən işğal və ağır mübarizədən sonra tarixi ədalətin bərpası idi. Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun 846,7 kvadratkilometr ərazisi, yəni ümumi ərazisinin 77,4 faizi işğal altında qalmışdı.
Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə 5897 nəfər şəhid olub, 3531 nəfər əlil olub, 1871 uşaq valideynlərini itirib. 126 mindən çox rayon sakini doğma yurd-yuvasından didərgin düşüb. Şəhər və kəndlərdəki yaşayış evləri, tarixi-mədəni abidələr və sosial infrastruktur ciddi dağıntılara məruz qalıb.
Qədim tarixə və zəngin mədəni irsə malik Ağdam bir sıra mühüm memarlıq abidələri ilə tanınır. Pənah xanın türbəsi və imarəti, Xanoğlu türbəsi, Sərdabə, Hatəm Məlik qalası, Ağdam Cümə məscidi və Şahbulaq məscidi rayonun tarixi-mədəni irsinin mühüm nümunələrindəndir.
İşğaldan azad edildikdən sonra uzun illər xarabalığa çevrilmiş Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Bir zamanlar dağıntıları ilə diqqət çəkən və “Qafqazın Xirosiması” adlandırılan şəhər bu gün yenidən quruculuq prosesinin mühüm mərkəzlərindən birinə çevrilir.
Ağdamın Baş Planı hazırlanaraq təsdiq edilib və şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların və digər infrastrukturun yaradılması şəhərin gələcək inkişafının əsas istiqamətlərindəndir.
Dövlətin qarşıya qoyduğu əsas məqsəd Ağdamı Qarabağın və bütövlükdə regionun ən müasir, gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevirməkdir.
Bu gün Ağdam təkcə işğaldan azad edilmiş bir şəhər deyil, həm də Azərbaycanın gücünün, milli iradəsinin, tarixi yaddaşının və quruculuq əzminin rəmzidir. Ağdamın yenidən dirçəlməsi Böyük Qayıdışın və Qarabağın gələcəyinin mühüm səhifələrindən birini təşkil edir.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edirik!
TAHİR