Azərbaycanın yeni, şanlı tarixinə qızıl hərflərə yazılmış 44 günlük haqq savaşımızda canlarını fəda edən şəhidlər bizim qürur yerimiz , iftixar mənbəyimizdir. Xalqımız və dövlətimiz ölümsüzlüyə qovuşan qəhrəman övladlarının müharibə meydanında göstərdikləri şücaətə daim yüksək qiymət verir, onların ruhuna ehtiramla yanaşır, xatirəsini əziz və uca tutur.
İkinci Qarabağ müharibəsində Vətəninin müqəddəsliyini hər şeydən əziz tutub canını ona qurban verən qəhrəmanlardan biri də Masallı rayonunda boya-başa çatan Elçin Qismət oğlu Novruzovdur. Əbədi olaraq milyonların ürəyinə köçən edən bu Vətən sevdalının şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən təşkil edilən anım mərasimində İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Niyazi Bağırov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. İştirakçılar tərəfindən şəhid Elçin Novruzovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Çıxışlar zaman bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi daim əziz tutulur. Onların ailələri, eləcə müharibə əlilləri və iştirakçıları dövlət siyasətinin mühüm istiqaməti olmaqla daim diqqət və qayğı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması hər birimizin müqəddəs borcudur.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Məlumat üçün bildirək ki, Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində dünyaya göz açıb. Hərbi xidmətini Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə keçirib. İkinci Qarabağ müharibəsinə könüllü olaraq qoşulub. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Füzuli rayonu istiqamətində gedən ölüm-dirim döyüşlərdə şücaət göstərərək çoxlu sayda düşmən yaraqlısını məhv edib. Lakin özü də qəfil atılan gülləyə tuş gəlib. 2020-ci ilin 16 noyabrda torpağa tapşırılıb.
Ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan Elçin Novruzov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medalları ilə təltif olunub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
.