Rusiya Ukrayna ilə bağlı ABŞ ilə danışıqlarda Kalininqrad vilayətindəki qoşunlarını çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını təklif edib.
“Bloomberg” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, bu ideyanı ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Avropalı müttəfiqlərə çatdırıblar. Onlar Ukraynada müharibənin başa çatdırılması üçün yeni yanaşmaların tapılmasında israr edirlər.
Məlumata görə, Avropa İttifaqı liderləri bu təklifi rədd etsələr də, Rusiya tərəfi ilə təhlükəsizlik məsələləri üzrə texniki danışıqlar aparmağa razılıq veriblər.
Bundan əvvəl “The Telegraph” nəşrinin mənbələri Rusiya Prezidenti Vladimir Putinin sülh prosesinə Avropa nümayəndələrinin də cəlb olunmasını və NATO-nun şərqə doğru genişlənməsindən imtinanın müzakirəsini təklif etdiyini bildirmişdi.
Noyabrın 11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda Moskva müharibənin başa çatdırılması üçün 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə alyansın hərbi mövcudluğunun azaldılmasını tələb edib. Rusiya nümayəndə heyəti, həmçinin NATO-nun Ukrayna və digər postsovet dövlətləri ilə hərbi əməkdaşlığını məhdudlaşdırmasını istəyib. Kremlin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri Rusiyanın təhlükəsizlik təminatları kimi təqdim edib.
Moskva oxşar şərtləri 2021-ci ilin dekabrında, Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilədən bir neçə həftə əvvəl də irəli sürmüşdü. Həmin vaxt Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-dan alyansın genişlənməsini dayandırmağı tələb etmiş və Rusiyanın hərbi-siyasi baxımdan sıxışdırıldığını iddia etmişdi.
“The Telegraph”ın mənbələri NATO üçün bu tələblərin qəbuledilməz olduğunu vurğulayıb. 1997-ci il sərhədlərinə qayıdış NATO-nun 32 üzvündən ən azı 16-sında hərbi qüvvə və silahların çıxarılmasını nəzərdə tuta bilər. Bu ölkələrə keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvləri, Baltikyanı dövlətlər, keçmiş Yuqoslaviya respublikalarının bir qismi, Albaniya, Finlandiya və İsveç daxildir.
Qeyd edək ki, NATO-nun Nizamnaməsinin 10-cu maddəsi alyansın “açıq qapı” siyasətini təsbit edir. Həmin maddəyə əsasən, Avropanın istənilən dövləti üzv ölkələrin yekdil razılığı ilə alyansa qoşula bilər. Bu prosesə üçüncü tərəfin müdaxiləsi nəzərdə tutulmur.
Tahir TAĞIYEV