Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
SOMDA-dan bildirilib ki, müsabiqədə feldşer ixtisası üzrə orta-ixtisas tibb təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək (əvvəllər ixtisası üzrə xidmət müddəti olanlar istisna olmaqla), boyu 1.80 santimetr və ondan hündür, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində, Hacıqabul, Şirvan, Salyan, Yevlax, Ağdaş və Goranboy rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini nəzərə alaraq, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. İxtisası üzrə Silahlı Qüvvələrdə xidmət etmiş namizədlərə üstünlük veriləcək.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə ilə SOMDA-nın Kadrlar Baş İdarəsinin [email protected] ünvanına göndərməlidirlər.
Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur.