Dünyanın geosiyasi, geoiqtisadi sahələrində sürətli dəyişikliklər qlobal enerji xəritəsinin də yenidən cızılması ilə müşayiət olunur. Bu kontekstdə Avropanın enerji, xüsusən də təbii qazla təminatında Azərbaycanın, ABŞ-ın xüsusi çəkisi sürətlə artır. Proseslər göstərir ki, yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyinin təminatında bu iki ölkənin rolu daha da artacaq.
Avropa Siyasi Birliyinin 9-cu sammitində Azərbaycan yenə xüsusi diqqət mərkəzində yer alan ölkələr sırasında oldu. Ölkəmizin Avropa üçün artan tranzit əhəmiyyəti, eləcə də bu qitənin enerji təhlükəsizliyinin təminatında artan rolu Azərbaycanı Qərb dünyası üçün əsas strateji tərəfdaşlardan birinə çevirir. Qarşıdakı müddət ərzində isə Avropa Azərbaycandan daha böyük həcmdə enerji resurslarının idxalında xüsusilə maraqlıdır.
Məsələ burasındadır ki, ay yarımdan sonra Avropada Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalı üçün son uzunmüddətli müqavilələrin müddəti başa çatacaq. “Forbes” nəşri xatırladır ki, Ukraynaya tammiqyaslı müdaxilədən əvvəl Rusiya Avropa İttifaqı ölkələrinə hər il 152 milyard kubmetr qaz tədarük edirdi ki, bu da qurumun idxalının 45%-ni təşkil edirdi. 2025-ci ilə qədər bu rəqəm 36 milyard kubmetrə və ya 12%-ə düşmüşdü. Keçən il Avropa İttifaqı ölkələri Rusiya boru kəməri qazına təxminən 6,7 milyard dollar, Rusiya mayeləşdirilmiş təbii qazına isə 7,6 milyard dollar xərcləyib. İndi isə Avropa İttifaqı bu rəqəmi sıfıra endirmək istəyir. Avropa ölkələrinin Rusiya mayeləşdirilmiş təbii qazı üçün uzunmüddətli müqavilələri gələn il 1 yanvarda, boru kəməri qazı təchizatı üçün uzunmüddətli müqavilələr isə 30 sentyabr 2027-ci ildə və ya ölkə anbarlarını doldurmaqda çətinlik çəkərsə, ən geci 1 noyabrda başa çatır. Bundan əlavə, qadağa qüvvəyə mindikdən sonra Avropa şirkətləri dünyanın heç bir yerində Rusiya mayeləşdirilmiş təbii qazını ala, sata və ya göndərə bilməyəcəklər. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov qeyd edir: “Rusiya qaz tədarükünün azalmasından sonra Avropanın əlavə enerji xərcləri on milyardlarla dollara çata bilər. Artan xərclər tədarükün azalması ilə əlaqəlidir. Rusiya üçün də problemlər var. Boru kəməri qazının marşrutunun dəyişdirilməsi infrastruktur tələb edir, ona görə də itirilmiş həcmlər sadəcə digər bazarlara göndərilə bilməz. Rusiya tədarükünün davam etdirilməsinə qadağalar isə Avropanın alternativ təchizatçılardan qaz alışına daha çox diqqət etməsinə səbəb olur”. Hazırda Avropa ABŞ-dan qaz alışına daha çox diqqət ayırır və prezident Donald Tramp da məhz bunu tələb edir. 2025-ci ilin iyul ayında ABŞ ilə imzalanmış ticarət müqaviləsinə əsasən, Avropa 750 milyard dollar dəyərində ABŞ enerji resurslarını almağı öhdəsinə götürüb.
Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutu ABŞ-nin bu il Norveçi ötüb Avropanın ən böyük qaz tədarükçüsü olacağını və 2028-ci ilə qədər mayeləşdirilmiş təbii qaz ehtiyacının 80%-ə qədərini təmin edəcəyini proqnozlaşdırır. Buna paralel şəkildə Avropa Azərbaycandan da təbii qazın alış həcminin artırlmasını prioritet hesab edir və bu hal Avropa Siyasi Birliyinin Dublin sammitində bir daha özünü qabarıq şəkildə büruzə verdi. Son bir neçə ildə Azərbaycan təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırıb və Avropa onun əsas ixrac istiqamətlərindən birinə çevrilib. Qeyd edək ki, Azərbaycan təbii qaz ehtiyatlarına görə dünyada 12-ci yerdədir. Təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, ehtimal olunan ehtiyatlar isə 3 trilyon kubmetrdir. 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr qaz hasil edilib. Ölkəmiz istehsal etdiyi bütün qazın, demək olar ki, yarısını satır: 2025-ci ildə 25,2 milyard kubmetr qaz və ya 48,9%-i ixrac edilib. Cari il üçün bu rəqəm daha yüksək göstərcilərlə ifadə olunur. Avropa Azərbaycan qazının əsas ixrac bazarıdır. Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə bütün qaz tədarükünün 50,8%-i və ya 12,8 milyard kubmetri Avropa ölkələrinin payına düşüb. Cari il üçün bu rəqəm daha da artacaq.
Amerikalı analitik İrina Tsukerman bildirir: “Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır. Ənənəvi enerji təchizatı əlaqələrinin, xüsusən də Rusiya ilə əməkdaşlığın kəsilməsindən sonra Azərbaycan etibarlı qaz mənbələri axtaran Avropa ölkələri üçün mühüm enerji tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi Avropa istehlakçılarına Gürcüstan və Türkiyə vasitəsilə Xəzər qazına çıxış imkanı verir. Qaz təchizatı İtaliya, Yunanıstan və Bolqarıstana qədər çatır. Gələcəkdə potensial təchizat fasilələri və qiymət dəyişkənliyindən narahat olan hökumətlər üçün Azərbaycan əlavə investisiyalar hesabına genişləndirilə bilən etibarlı və sabit idxal mənbəyidir”. Avropa ölkələri arasında Azərbaycan qazının əsas alıcıları İtaliya və Yunanıstandır. Bu qitədə Azərbaycan qazının digər alıcıları Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya və Ukraynadır. 2026-cı ildə Azərbaycan Almaniya və Avstriyaya qaz ixrac etməyə başlayıb. Amma qaz ixracı Avropa ilə məhdudlaşmır. Azərbaycandan mavi yanacağın ikinci ən böyük idxalçısı qardaş Türkiyədir. Gürcüstan Azərbaycan qazının tədarükündə 9,1% və ya 2,3 milyard kubmetr payla üçüncü yerdədir. Suriya 2025-ci ildə Qafqaz ölkəsindən 500 milyon kubmetr qaz alıb ki, bu da Azərbaycanın qaz ixracatının 2%-dən bir qədər azını təşkil edir. Dublində isə Azərbaycan və Böyük Britaniya liderləri arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsi enerji əməkdaşlığı üçün yeni bir istiqamət təqdim edir. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artacağını, Avropanın özünün isə buna xüsusi ehtiyacının olduğunu bir daha təsdiq edir.
Tahir TAĞIYEV