Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə etmək üçün Azərbaycan, Türkiyə və Ermənistanla danışıqlar keçirməyi planlaşdırır.
Bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Şuranın iclasından sonra Qara dəniz regionuna həsr olunmuş ayrıca nazirlər səviyyəli görüş keçiriləcək. Tədbirdə Avropa İttifaqının tərəfdaş ölkələrinin nümayəndələri də iştirak edəcəklər.
Nekulesku qeyd edib ki, müzakirələr yalnız nəqliyyat və regional əlaqələrin inkişafı ilə məhdudlaşmamalı, təhlükəsizlik məsələlərini də əhatə etməlidir.
“Yalnız əlaqəliliyi deyil, təhlükəsizliyi də müzakirə etmək vacibdir. Bu, böyük əhəmiyyət daşıyır və tərəfdaşlarımızın fikirləri də bizim üçün çox önəmlidir”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, Buxarest bu məsələlərin regional tərəfdaşlarla müzakirəsinə xüsusi əhəmiyyət verir.
Tahir TAĞIYEV