İsrailin xarici kəşfiyyat xidməti Mossadın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə İranın prezident Tramp və Vaşinqton administrasiyasının bir sıra yüksəkvəzifəli rəsmilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum hazırladığı barədə məlumat paylaşdığı iddia olunur.
İsrailin “Israel Hayom” qəzetinin adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Mossadın təqdim etdiyi kəşfiyyat məlumatları başqa bir Qərb ölkəsinin xüsusi xidmət orqanı tərəfindən də təsdiqlənib.
Məlumata əsasən, ABŞ və İran arasında razılaşma əldə edilməsi ehtimalının son günlərdə əhəmiyyətli dərəcədə azalmasının səbəblərindən biri də Mossadın CIA-ya ötürdüyü bu məlumatlardır.
İddia olunur ki, İsrail tərəfinin paylaşdığı məlumatlarda İranın partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirə biləcəyi ehtimalı yer alıb. Rəsmilər bu cür hücumların ənənəvi təhlükəsizlik tədbirləri ilə qarşısının alınmasının çətin olduğunu bildiriblər.
Məlumata görə, kəşfiyyat məlumatlarının paylaşılmasından sonra mümkün hədəf hesab edilən ABŞ rəsmiləri açıq hava tədbirlərində ictimaiyyət qarşısında görünmə hallarını kəskin şəkildə azaldıblar. Onlardan bir neçəsinin isə müvəqqəti olaraq evlərindən çıxarılaraq təhlükəsiz obyektlərə yerləşdirildiyi iddia olunur.
Bundan başqa, Trampın ictimai tədbirlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, xüsusilə PUA təhdidlərini zərərsizləşdirmək üçün xüsusi sistemlərdən istifadə edildiyi bildirilir. ABŞ-da aralıq seçkilər ərəfəsində açıq məkanlarda keçirilməsi nəzərdə tutulan bəzi tədbirlərin də sayının azaldıldığı qeyd olunur.
“Israel Hayom”un məlumatında ABŞ-ın maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsethin təhlükəsizlik səbəbindən yerləşdikləri məkanlarla bağlı dəyişikliklər edildiyi də iddia olunur. Xüsusilə Pit Heqsethin hərbi bazaya köçürüldüyü bildirilir.
Qeyd edək ki, İsrailin xarici kəşfiyyat xidməti Mossadın direktoru Roman Qofman İranla bağlı mümkün hərbi əməliyyatları müzakirə etmək məqsədilə Vaşinqtona səfər etmişdi. Səfərin İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hücumların yenidən başlanması məsələsində Trampa təzyiq göstərdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.
Onu da vurğulayaq ki, ABŞ və İsrail rəsmilərinə istinadən yayılan bu məlumatlar barədə hələlik rəsmi təsdiq yoxdur.
Tahir TAĞIYEV