Rusiyanın Volqoqrad şəhərində pilotsuz uçuş aparatlarının hücumundan sonra neft emalı zavodunda yanğın baş verdiyi bildirilir. Hadisədən sonra şəhərdə yanacaqdoldurma məntəqələrində avtomobil növbələrinin yarandığı barədə məlumatlar yayılıb.
Bu barədə Exilenova+ teleqram kanalı məlumat yayıb. Məlumata görə, hücum zamanı Rusiyanın “LUKOIL” şirkətinə məxsus Volqoqrad neft emalı zavodu hədəfə alınıb.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Boçarov dron hücumunu təsdiqləyib. O bildirib ki, düşən PUA qalıqları Volqoqradın cənubundakı sənaye müəssisəsində bir neçə lokal yanğına səbəb olub.
Hücumdan sonra yerli sakinlər yanacaqdoldurma məntəqələrində növbələrin yarandığını bildiriblər. Sosial şəbəkələrdə yanacaq doldurmaq üçün gözləyən avtomobillərin foto və videoları yayılıb.
Qeyd edək ki, Volqoqrad neft emalı zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir. Neft emalı zavodu 1957-ci ildən fəaliyyət göstərir və ildə təxminən 14,8 milyon ton emal gücünə malikdir. Zavod benzin, dizel və aviasiya yanacağı, yanacaq yağı, neft koksu, bitum və baz yağları istehsal edir. Volqoqrad neft emalı zavodu Rusiyanın cənubuna neft məhsulları tədarük edir.
Volqoqrad neft emalı zavodu Rusiyanın “LUKOIL” şirkətinin tərkibinə daxildir. Şirkətin təsisçisi və uzun illər rəhbəri olmuş Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan əsilli rusiyalı iş adamıdır və LUKOIL-un yaradılmasında əsas rol oynayıb.
Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib, 2022-ci ilin aprelində isə prezident vəzifəsindən istefa verib. Hazırda o, şirkətin ən böyük səhmdarıdır. Forbes-un son məlumatılna görə 76 yaşlı iş adamının şəxsi kapitalı 29,5 milyard ABŞ dollarıdır.