Züriyə Ruslanqızı: “Məlumat anonim mənbələrə əsaslanır və Vaşinqtonla Tehran tərəfindən rəsmi şəkildə təsdiqlənməyib”
Vaşinqton və Tehran İranın uran zənginləşdirmə səviyyəsini 3,67%-ə qədər məhdudlaşdıran ilkin razılığa gələ bilərlər. Bu barədə "Əl-Ərəbiyyə" mənbələrə istinadən məlumat verib.
Kanalın mənbələrinə görə, ABŞ İran ərazisində uranı bu səviyyəyə qədər zənginləşdirməyə razılıq verib və Tehran bu şərti qəbul edib.
Eyni zamanda, ABŞ İranın uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini 60%-ə çatdırmaqda israr edir. "Əl-Ərəbiyyə" mənbələri bildirib ki, bu məsələni həll etmək üçün tərəflər üçüncü bir ölkə ilə əlaqə saxlamağı düşünürlər.
Tehranla razılıq əldə olunarsa, Vaşinqton İranın 6 milyard dollardan 9 milyard dollara qədər aktivlərini blokdan çıxara bilər.
Yayılan bu məlumat nə dərəcədə doğrudur?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, ABŞ və İranın uranın zənginləşdirilməsi səviyyəsinin 3,67 faizlə məhdudlaşdırılması barədə razılığa gəldiyinə dair yayılan məlumatların müəyyən diplomatik əsası olsa da, bunu hələlik təsdiqlənmiş razılaşma kimi qiymətləndirmək doğru deyil. Z.Ruslanqızı vurğuladı ki, “Əl-Ərəbiyyə” telekanalı noyabrın 9-da Qətər və Pakistanın vasitəçiliyi ilə tərəflər arasında ilkin anlaşmanın əldə oluna biləcəyini bildirib. “Lakin məlumat anonim mənbələrə əsaslanır və Vaşinqtonla Tehran tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Üstəlik, noyabrın 11-də İranın təhlükəsizlik rəsmisi Möhsün Rzayi ABŞ ilə hazırda danışıqlar aparılmadığını və zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verilməyəcəyini bəyan edib. Bu isə tərəflər arasında ciddi fikir ayrılıqlarının davam etdiyini göstərir. Dolayısı ilə hazırkı mərhələdə söhbət yekun siyasi razılaşmadan deyil, daha çox diplomatik vasitəçilərin təqdim etdiyi mümkün kompromis modelindən gedir.
Məsələnin siyasi tərəfinə gəldikdə isə, ABŞ üçün əsas prioritet İranın nüvə potensialının ciddi nəzarət altına alınması və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının azaldılmasıdır”.
Z.Ruslanqızı qeyd etdi ki, 3,67 faizlik həddin gündəmə gətirilməsi də təsadüfi deyil, çünki bu göstərici 2015-ci il nüvə sazişində nəzərdə tutulan məhdudiyyətə uyğundur: “Bununla belə, Vaşinqtonun belə bir kompromisə razılıq verməsi İranın diplomatik üstünlük qazandığı anlamına gəlmir. Əksinə, Tehran üzərində hərbi, iqtisadi və siyasi təzyiqlərin davam etdiyi şəraitdə nüvə proqramının məhdudlaşdırılması ABŞ-nin əsas strateji tələblərindən biridir. Burada həlledici məsələ yalnız zənginləşdirmə faizinin müəyyənləşdirilməsi deyil, həm də mövcud uran ehtiyatlarının taleyi, beynəlxalq müfəttişlərin nəzarət imkanları və sanksiyaların hansı şərtlərlə yumşaldılmasıdır. Bu məsələlər həll edilmədən ABŞ–İran münasibətlərində fundamental dönüşdən danışmaq tezdir. Hazırkı diplomatik fəallıq daha çox hərbi qarşıdurmanın genişlənməsinin qarşısını almaq və mümkün razılaşmanın şərtlərini müəyyənləşdirmək cəhdi kimi görünür”.
İradə SARIYEVA