Ukrayna Rusiya ilə müharibənin başa çatdırılması məqsədilə ABŞ-ın Donetsk və Luqansk vilayətlərinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini qəbul etməyib.
“The Telegraph” nəşri yazır ki, hazırda Moskvanın Donbasda Rusiya ordusunun təxminən beş illik döyüşlər ərzində ələ keçirə bilmədiyi 5,2 min kvadratkilometr ərazinin ona verilməsini tələb etməsi səbəbindən sülh danışıqları dalana dirənib. Vaşinqton isə xəritə üzərində dəyişiklik etməklə bu problemin həllini təklif edib. Planın mahiyyəti ondan ibarət olub ki, sərhədlər elə dəyişdirilsin ki, Rusiya Prezidenti Vladimir Putin cəbhədə real hərbi qələbə qazanmadan Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etdiyini elan edə bilsin.
Noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlardan əvvəl ABŞ Prezidenti Donald Tramp müharibə başa çatdıqdan sonra Ukraynanın “bir qədər fərqli formaya” malik olacağını bildirmişdi. ABŞ rəsmiləri də Kiyevin qapalı müzakirələrdə bu məsələ ilə bağlı kompromis ehtimalını nəzərdən keçirdiyinə işarə etmişdilər.
Lakin danışıqlara yaxın olan ukraynalı mənbə nəşrə bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın işğal etdiyi ərazilərlə bağlı heç bir güzəşt məsələsini müzakirə etməyib.
“Ukrayna bunu heç vaxt nə faktiki, nə də hüquqi baxımdan tanıyacaq. Danışıqlar masası arxasında mövqeyimiz həmişə belə olub”, – deyə mənbə vurğulayıb.
Çərşənbə axşamı Ukrayna və Rusiya doqquz aylıq fasilədən sonra birbaşa danışıqları bərpa ediblər. Görüş ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin vasitəçiliyi ilə baş tutub.
Ərazi məsələsinin müzakirəsi üçün imkanların məhdud olması səbəbindən ABŞ tərəfi müharibə başa çatdıqdan sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatlarına diqqət yetirib. Bu təminatların mümkün atəşkəs razılaşmasından sonra hərbi əməliyyatların yenidən başlamasının qarşısını alması nəzərdə tutulur.
Görüşün yekunlarını şərh edən Ukrayna Prezidenti Volodimir Zelenski danışıqları “konstruktiv və kifayət qədər məzmunlu” adlandırıb.
Tahir TAĞIYEV