ABŞ Nümayəndələr Palatasında respublikaçılar Pentaqonun rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması cəhdinin qarşısını alıblar.
Nümayəndələr Palatasında respublikaçıların irəli sürdüyü prosedur təklifi üzrə səsvermə keçirilib. Təklif konqresmen Tomas Massinin müharibə naziri Pit Heqsetin impiçmentinə dair qətnamə layihəsinin hüquq komitəsinə göndərilməsini nəzərdə tuturdu. Bunun üçün sadə səs çoxluğu tələb olunurdu.
“The Hill” nəşrinin məlumatına görə, gərgin keçən səsvermədə 211 nəfər lehinə, 204 nəfər əleyhinə səs verib. Beləliklə, qətnamənin hüquq komitəsinə göndərilməsi barədə qərar qəbul edilib. Bu addım faktiki olaraq Konqresin növbəti çağırışınadək Heqsetə qarşı impiçment cəhdlərini dayandırır.
Bundan əvvəl Ağ Ev də Heqsetə qarşı impiçment təşəbbüsünə rəsmi şəkildə etiraz edib. Ağ Evin bəyanatında bildirilib ki, administrasiya bu qətnaməni ABŞ hərbçilərinin mövqelərini, ölkə Konstitusiyasını və milli təhlükəsizliyi zəiflətməyə yönəlmiş, siyasi motivli və əsassız cəhd hesab edir.
Respublikaçı konqresmen Tomas Massi Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə layihəsini Konqresə təqdim etmişdi. O, Heqseti Konqresin icazəsi olmadan İrana qarşı müharibə aparmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.
Pentaqon rəhbərinin mətbuat katibi Şon Parnell respublikaçıların impiçment təşəbbüsünün qarşısını almasını Heqsetin tam qələbəsi adlandırıb. O, “X” sosial şəbəkəsində yazıb ki, əsassız impiçment maddələrinin Nümayəndələr Palatasının hüquq komitəsinə göndərilməsi nazir Heqsetin, Müharibə Nazirliyinin və ABŞ hərbçilərinin tam qələbəsidir.
Parnell əlavə edib ki, onun fikrincə, bu “saxta impiçment” təşəbbüsünə son qoyulacaq.
Demokratlar isə Nümayəndələr Palatasında keçirilən səsverməni tənqid ediblər. Onlardan bəziləri Heqsetə qarşı impiçment təşəbbüsünü yenidən gündəmə gətirəcəklərini bildiriblər.
Konqresmen Sidni Kamlager-Dov səsvermədə iştirak etməyən həmkarlarını sərt tənqid edərək, “Burada olmayan insanlara ayıb olsun”, – deyə bildirib.
Mayk Kuqli isə “X” sosial şəbəkəsində yazıb ki, həmin axşam Pit Heqsetin impiçmentinin lehinə səs verib. O, səsvermə cəhdinin uğursuzluğa düçar olmasına baxmayaraq, impiçmentin baş tutacağını, bunun sabah və ya yanvar ayında mümkün ola biləcəyini qeyd edib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Kris Deluzio isə prezident Donald Tramp Heqseti vəzifəsindən azad etməyəcəyi təqdirdə Konqresin onun impiçmentinə nail olmalı olduğunu bildirib.
Konqresmen Yasəmin Ənsari də “X” sosial şəbəkəsində Pentaqon rəhbəri Pit Heqsetdən başlayaraq, Müharibə Nazirliyinin bütün rəhbərliyinin fəaliyyətinin araşdırılmasını tam dəstəklədiyini yazıb.
Qeyd edək ki, yeni çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, respublikaçılar Konqresin hər iki palatasında nəzarəti itiriblər. Onlar hətta uzun illərdir qalib gəldikləri bəzi ştatlarda da məğlubiyyətlə üzləşiblər.
Bu vəziyyət gələcəkdə Heqsetə qarşı impiçment təşəbbüsünün yenidən gündəmə gətirilməsi ehtimalını artırır.
Tahir TAĞIYEV