Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, İrəvan yenə də qərarlarına görə məsuliyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin üzərinə atmağa çalışır.
O qeyd edib ki, Ermənistanın KTMT-dəki iştirakını dondurmasına və üzvlük haqlarını ödəməməsinə baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır.
"Biz İrəvanı əməkdaşlığımızdan kənarda qoymuruq, tərəfdaşlarımızın assosiasiya çərçivəsində hazırlanmış bütün qərarlara qoşulmaq imkanını qoruyub saxlayırıq ki, bu da nəticə etibarilə onların maraqlarına tam cavab verəcək. Təəssüf ki, Ermənistan tərəfindən heç bir qarşılıqlı hərəkət görmürük. Əksinə, yenə də qərarlar üçün məsuliyyəti başqalarına ötürmək cəhdlərini görürük" – deyə Pankin vurğulayıb.
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini xatırladıb ki, KTMT Nizamnaməsinin müddəalarına uyğun olaraq, üzv dövlət yığılmış ödəniş borcları tam ödənilənə qədər səsvermə hüququndan məhrum edilə bilər.
O, noyabrın 11-də Moskvada keçirilməsi planlaşdırılan KTMT sammiti ilə bağlı gözləntiləri şərh edərkən qeyd edib ki, təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının qarşıdan gələn sessiyası Rusiyanın təşkilata sədrliyinin kulminasiya nöqtəsi olacaq.
Tahir TAĞIYEV