Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan heç kimdən asılı olmayan güclü dövlətdir. Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, 30 illik işğala, əzab-əziyyətlərə və Ermənistanın arxasında dayanan böyük dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı öz iradəsini qoruyub saxlayıb.
“Ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, iradə göstərdi, iradəsini saxladı və mənə dəstək verərək bizim qələbəmizi şərtləndirmişdir”, – Prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Zəfər Günündə hər bir azərbaycanlı həm qürur hissi keçirir, həm də Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra da elə güclü olmalıdır ki, heç kimin ağlına ölkəyə zərər vermək gəlməsin.
“Bu gün Azərbaycan güclü dövlətdir. Həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən heç kimdən asılı olmayan dövlətdir. Müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir”, – Prezident bildirib.
İlham Əliyev müraciətini “Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!” sözləri ilə yekunlaşdırıb.