Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ, Ukrayna və Rusiya arasında Əbu Dabidə noyabrın 10-11-də keçirilməsi nəzərdə tutulan danışıqların taleyi sual altındadır. ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri, Vaşinqtonun daxili siyasi gündəliyi və Tramp administrasiyasının xarici siyasət prioritetləri bu görüşün keçirilməsinə təsir göstərə bilər.
Artıq ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoff və Kremlin sözçüsü Dmitri Peskov görüşün noyabrın 10-11-də keçiriləcəyini təsdiqləyiblər. Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik edəcəyi də açıqlanıb. Zelenski də ABŞ rəsmiləri ilə təmasların davam etdiyini bildirib.
ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Tramp administrasiyasının siyasi gündəliyində baş verə biləcək dəyişikliklər Əbu Dabidə nəzərdə tutulan danışıqların təxirə salınmasına səbəb ola bilərmi? Yoxsa Vaşinqton, seçkilərin nəticələrindən asılı olmayaraq, Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqları davam etdirməkdə maraqlıdır? ABŞ, Rusiya və Ukrayna arasında bu görüşdən real nəticə gözləmək olarmı?
Mətləb Salahov: "Ukraynalıların Putinin xeyrinə olan ABŞ şərtlərinə razılaşması mümkünsüzdür"
Jurnalist, siyasi şərhçi Mətləb Salahov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Donald Tramp administrasiyası İrandakı müharibə fiaskosundan sonra itirilmiş beynəlxalq nüfuzunu bərpa etmək və dünya siyasətində hökmranlıq edən supergüc imicini geri qaytarmaq üçün diqqətini yenidən Ukrayna böhranına yönəldib.
Onun sözlərinə görə, Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan dərhal sonra ilk növbədə Ukrayna məsələsini həll edəcəyini bəyan etmişdi. Lakin sonradan özünü dünyadakı münaqişələri həll edən "qəhrəman xilaskar" kimi təqdim etməyə və ABŞ-ın maraqlarından daha çox şəxsi sərvətini artırmağa üstünlük verdiyindən Ukrayna böhranı bir müddət arxa plana keçdi. İndi isə korlanmış imicini bərpa etmək məqsədilə yenidən bu məsələyə qayıtsa da, vəziyyət artıq onun istədiyi kimi inkişaf etmir. Çünki nə Ukrayna rəhbərliyi onun fəallığına və irəli sürdüyü şərtlərə məhəl qoyur, nə də ABŞ daxilindəki siyasi vəziyyət Trampa yenidən "sülh göyərçini" obrazını yaratmağa imkan verir.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra Tramp və tərəfdarlarını qarşıdakı dövrdə ciddi siyasi çətinliklər gözləyir. Bu vəziyyət həm daxili, həm də xarici siyasətdə özünü göstərəcək. Demokratların Konqresdə mövqelərini gücləndirməsi Tramp administrasiyasının bir sıra qərarlarının qarşısının alınması və siyasi müstəvidə ciddi müqavimətlə üzləşməsi ilə nəticələnə bilər.
Mətləb Salahovun fikrincə, demokratlar bundan sonra Tramp administrasiyasının, xüsusilə xarici siyasət istiqamətindəki qərarlarına qarşı daha fəal mövqe nümayiş etdirəcəklər. Bu isə noyabrın 11-də Əbu-Dabidə keçirilməsi gözlənilən Ukrayna danışıqlarının perspektivlərinə də mənfi təsir göstərə bilər. Əslində, həmin görüşdən real gözləntilər əvvəldən də yüksək deyildi. ABŞ daxilində baş verən son siyasi proseslər, xüsusilə Trampın seçkilərdəki məğlubiyyəti bu ümidləri daha da azaldıb.
Şərhçinin fikrincə, tarixin ironiyası ondadır ki, vaxtilə Ukrayna Prezidenti Volodimir Zelenskini siyasi səhnədən kənarlaşdırmaq barədə fikirlər səsləndirən Trampın özü hazırda ciddi daxili siyasi gərginliklə üzləşib. Onun qənaətinə görə, noyabrın 11-də Əbu-Dabidə gözlənilən görüş təxirə salınmasa belə, Ukrayna böhranına müsbət təsir göstərəcək ciddi nəticənin əldə olunması inandırıcı görünmür.
Mətləb Salahov vurğulayıb ki, respublikaçıların ABŞ siyasətində üzləşdiyi son məğlubiyyət Trampın beynəlxalq siyasətdəki mövqelərinə və təsir imkanlarına da zərbə vurub. Buna görə də Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğun olan ABŞ şərtlərini qəbul etməsi real görünmür.
Dəniz NƏSİRLİ