Züriyə Ruslanqızı: “Burada vacib məqam odur ki, birinci xanımın fəaliyyəti ənənəvi dövlət diplomatiyasından fərqli olaraq, humanitar diplomatiya və yumşaq güc mexanizmlərinə əsaslanır”
ABŞ-ın birinci xanımı Melaniya Tramp, Rusiya tərəfindən işğal edilmiş Xerson vilayətinin Oleşki şəhərində atəşkəsi müzakirə etmək üçün Vaşinqtonda Ukrayna və Rusiya nümayəndələri ilə görüşəcək. Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib. Həmçinin bildirilib ki, Donald Trampın həyat yoldaşı 5 noyabr cümə axşamı günü, saat 11:00-da Oleşkidə humanitar missiyanın nəticələri ilə bağlı rəsmi bəyanatla çıxış edib.
RBC-Ukraynanın məlumatına görə, Ukrayna tərəfini "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna tərəfindən Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets təmsil edəcək. Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ombudsman Yana Lantratova Melaniya Trampla görüşmək üçün Ağ Evə gediblər.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə Ukrayna və Rusiyanın nümayəndələri ilə işğal olunmuş Oleşkidə atəşkəsi müzakirə edəcək və şəhərdəki humanitar missiyanın nəticələri ilə bağlı çıxış edib.
Oleşki və ətraf ərazilərdə atəşkəs 27 oktyabr səhər tezdən başlayıb və 1 noyabr saat 22:59-da başa çatıb. Bu, Moskva və Kiyevin atəşkəsin əldə edilməsində əsas vasitəçi kimi təsvir etdiyi ABŞ-ın birinci xanımı Melaniya Trampın iştirakı ilə tərəflər arasında əldə edilən razılaşmaların nəticəsi idi.
Humanitar əməliyyat çərçivəsində şəhərdən yüzlərlə mülki şəxs təxliyə edilib. Humanitar yardım da çatdırılıb.
Tramp Ukrayna ilə atəşkəs məsələsində həyat yoldaşını niyə önə çəkir? Ona Nobel mükafatı almaq niyyəti var, yoxsa prezidentliyə namizədliyini vermək istəyir?
Səbəb nədir?
Ekspertlər hesab edir ki, Donald Trampın Ukrayna məsələsində həyat yoldaşı Melaniya Trampı ön plana çıxarması hazırda diqqət çəkən siyasi hadisələrdən biridir, burada həm humanitar diplomatiya, həm siyasi imic, həm də Trampın şəxsi ambisiyaları ilə bağlı məqamlar var.
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki,
Melaniya Trampın Rusiya-Ukrayna müharibəsində humanitar vasitəçi kimi ön plana çıxması Vaşinqtonun diplomatik strategiyasında diqqətçəkən hadisədir. “Xüsusilə onun vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində altı günlük lokal atəşkəsin əldə olunması, humanitar yardımların çatdırılması və mülki şəxslərin təxliyəsi bu fəaliyyətin konkret nəticəsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Melaniya Trampı birinci dərəcəli Knyaginya Olqa ordeni ilə təltif etməsi də təsadüfi deyil. Hesab edirəm ki, Donald Tramp həyat yoldaşının diplomatik fəaliyyətinin ön plana çıxmasına şərait yaratmaqla həm administrasiyasının sülhyaratma imicini gücləndirir, həm də Rusiya-Ukrayna müharibəsində nəticə əldə etmək üçün alternativ diplomatik kanallardan istifadə edir. Çünki Trampın müharibəni qısa müddətdə dayandırmaq vədi indiyədək reallaşmayıb. Melaniyanın humanitar məsələlər üzərindən prosesə qoşulması isə siyasi danışıqlarda mövcud olan qarşıdurmanı müəyyən qədər yumşaltmaq imkanı yaradır. Burada vacib məqam odur ki, birinci xanımın fəaliyyəti ənənəvi dövlət diplomatiyasından fərqli olaraq, humanitar diplomatiya və yumşaq güc mexanizmlərinə əsaslanır”.
Z.Ruslanqızı bildirdi ki, Nobel Sülh Mükafatı məsələsinə gəldikdə isə, bu ehtimalı tamamilə istisna etmək olmaz. “Donald Trampın özünün dəfələrlə Nobel mükafatına layiq olduğunu bildirməsi məlumdur. Melaniyanın humanitar təşəbbüslərinin beynəlxalq səviyyədə tanınması gələcəkdə onun adının da bu mükafat ətrafında müzakirə edilməsinə zəmin yarada bilər. Lakin hazırda Trampın həyat yoldaşını məhz Nobel mükafatına hazırladığını təsdiqləyən konkret fakt yoxdur. Melaniya Trampın gələcəkdə prezidentliyə namizədliyinin irəli sürülməsi ehtimalına isə daha ehtiyatla yanaşmaq lazımdır. Çünki onun indiyədək müstəqil siyasi karyera qurmaq və prezident seçkilərində iştirak etmək niyyətini göstərən ciddi siyasi təşəbbüsü müşahidə olunmayıb. Üstəlik, ABŞ Konstitusiyasına görə, prezidentliyə namizəd olmaq üçün doğumdan ABŞ vətəndaşı olmaq tələbi mövcuddur. Sloveniyada doğulmuş və sonradan ABŞ vətəndaşlığını almış Melaniya Tramp bu konstitusion tələbə uyğun gəlmir. Ona görə də hazırkı prosesləri onun prezidentliyə hazırlanmasından daha çox, Tramp administrasiyasının diplomatik imkanlarını genişləndirmək və beynəlxalq siyasi imicini möhkəmləndirmək cəhdi kimi qiymətləndirmək daha əsaslıdır”-deyə Z.Ruslanqızı vurğuladı.
İradə SARIYEVA