Firdovsi Şahbazov: “Burada söhbət 3 Cənubi Qafqaz ölkəsinin nəqliyyat sistemlərini inteqrasiyasından söhbət gedə bilər”
“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub”. Bunu Baş nazir Nikol Paşinyan “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real sülh mövcuddur: “İndi biz sülh müqaviləsini imzalamalı və onu ratifikasiya etməliyik. Ermənistan hazırda Azərbaycanla münasibətlər qurur. Bizim Gürcüstanla ənənəvi yaxşı əməkdaşlığımız və yaxın müasibətlərimiz var. Hazırda biz Azərbaycanla münasibətlər yaradırıq. Bizim aramızda ikitərəfli ticarət var və regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq. Bütün bu proseslər Cənubi Qafqaza tamamilə yeni qlobal rol qazandıracaq”.
Maraqlıdır, Paşinyan “regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq” deyəndə nəyi nəzərdə tutur?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, burada söhbət Azərbaycan, Gürcüstan və Ermənistan arasında logistika sahəsində əməkdaşlığın genişləndirilməsindən gedir: “Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında birbaşa dəmir və avtomobil yolu əlaqəsi hələ bərpa olunmayıb. Azərbaycan üzərindən Ermənistana yüklər Gürcüstan vasitəsi ilə daşınır. Paşinyan Orta Dəhlizin hər keçən gün artan rolunu və əhəmiyyətini görür. Fikrimcə, Ermənistanın bu prosesdə daha çox iştirakını təmin etmək üçün üçtərəfli layihədən bəhs edir. Burada söhbət 3 Cənubi Qafqaz ölkəsinin nəqliyyat sistemlərini inteqrasiyasından söhbət gedə bilər. Çox güman ki, Paşinyan bunu nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı işlərə başladıqlarını bəyan edib. Digər tərəfdən, Ermənistan neçə ildir “Sülh kəsişməsi” təşəbbüsünü elan edib. Bu, Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin blokdan çıxarılmasını, ticarətin genişləndirilməsini, regional əməkdaşlığı hədəfləyən iqtisadi-siyasi konsepsiyadır. Dəmir yolu və avtomobil yollarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit xətlərinin açılması nəzərdə tutulur. Ermənistan bu layihə ilə nəqliyyat blokadasından çıxmağı və beynəlxalq ticarət zəncirlərinə qoşulmağı hədəfləyir. Bütün bunlar isə Azərbaycansız mümkün deyil. O üzdən, Ermənistan Konstitusiyada sülh sazişinə maneə yaradan maddəni çıxarmaqla bağlı işləri sürətləndirməlidir”.
Vidadi ORDAHALLI