Akif Nəsirli: “Toplanan bu vergilərin müəyyən hissəsinin Azərbaycan mediasının inkişafına yönəldilməsi məsələsi mütləq müzakirəyə çıxarılmalıdır”
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə ƏDV məqsədləri üçün vergi uçotuna alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Sonuncu olaraq İsrailin "Appcharge Ltd." şirkəti 1 noyabr 2026-cı il tarixindən etibarən qeydiyyatdan keçib.
Uçota alınmış şirkətlər arasında Apple, Adobe, Sony, Netflix, OpenAI, TikTok, Spotify, Zoom və digər tanınmış qlobal texnologiya və xidmət təminatçıları yer alır.
Qeydiyyatdan keçmiş bu qeyri-rezident şirkətlərə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur; şirkətlərin özləri ƏDV-ni hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburidir.
DVX-dən bildirilib ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd olunub ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə cəlb edilməsi, vergi öhdəliklərinə könüllü əməletmənin təşviqi və şəffaflığın artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
DVX-nin məlumatına görə, 2025-ci il ərzində elektron qeydiyyat portalı vasitəsilə 7 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni zamanda 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb. Bundan başqa, rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitorinq və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.
Sözügedən platformalardan Azərbaycan mediası üçün təxminən nə qədər vəsait qazanmaq olar? Bu platformalardan gələn gəlirdən tutulan verginin Azərbaycan mediasına, mətbuatına bir faydası dəyəcəkmi? Necə etmək lazımdır ki, Azərbaycan mediasına da bunun faydası dəysin?
“Liberal” İqtisadçılar Birliyinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, burada əsas məsələ təkcə Google, Meta, TikTok, YouTube və digər rəqəmsal platformalardan dövlət büdcəsinə nə qədər vergi daxil olması deyil, həmin platformaların Azərbaycan mediasının hesabına qazandıqları gəlirin müəyyən hissəsinin yerli media qurumlarına çatdırılmasıdır. “Hazırda bu platformaların Azərbaycandan nə qədər reklam gəliri əldə etdiyini dəqiq hesablamaq çətindir. Çünki şirkətlər ölkələr üzrə reklam dövriyyələrini və yerli media kontentindən istifadə hesabına qazandıqları vəsaiti ayrıca açıqlamırlar.
Mövcud məlumatlara görə, 2025-ci ildə xarici rəqəmsal platformalar və sosial şəbəkələrlə bağlı 250,5 min manat vergi hesablanıb. Bundan başqa, qeyri-rezident rəqəmsal xidmət təchizatçıları tərəfindən 15,5 milyon manat ƏDV hesablanıb. Hazırda Azərbaycanda 24 xarici rəqəmsal xidmət şirkəti ƏDV məqsədilə vergi uçotuna alınıb. Lakin bu 15,5 milyon manatın hamısını Google, Meta və digər sosial şəbəkələrin reklam gəlirlərindən tutulan vergi kimi qiymətləndirmək düzgün olmaz. Buraya müxtəlif rəqəmsal xidmətlər daxildir.
Mən hesab edirəm ki, toplanan bu vergilərin müəyyən hissəsinin Azərbaycan mediasının inkişafına yönəldilməsi məsələsi mütləq müzakirəyə çıxarılmalıdır. Çünki söhbət yalnız dövlət büdcəsinə əlavə gəlir daxil olmasından getmir. Həmin platformalar Azərbaycan mediasının hazırladığı xəbərlərdən, araşdırmalardan, foto və videomateriallardan istifadə etməklə öz auditoriyalarını genişləndirir, reklam gəlirləri qazanırlar. Amma bu gəlirin yaradılmasında iştirak edən yerli media qurumları həmin kommersiya dövriyyəsindən adekvat pay ala bilmirlər.
Məsələn, fərz edək ki, platformaların Azərbaycandan əldə etdiyi reklam gəlirlərinin müəyyən hissəsi media qurumlarına ödənilməsi üçün nəzərdə tutulur. Bu halda illik bir neçə milyon manatlıq əlavə maliyyə mənbəyi formalaşdırmaq mümkündür”.
A.Nəsirlinin fikrincə, dəqiq məbləği müəyyənləşdirmək üçün isə platformaların Azərbaycandakı reklam dövriyyəsi, yerli kontentdən istifadə həcmi və auditoriya göstəriciləri araşdırılmalıdır.
“Burada iki mexanizm tətbiq etmək olar. Birincisi, rəqəmsal platformalardan toplanan vergilərin müəyyən faizinin Media və Yayım Şurasına və ya bu məqsədlə yaradılacaq ayrıca fonda yönəldilməsidir. Həmin vəsait qəzetlərin, xəbər saytlarının, informasiya agentliklərinin, araşdırma jurnalistikasının və yerli kontent istehsalının inkişafına sərf oluna bilər.
İkincisi, Google, Meta, TikTok və digər platformaların Azərbaycan media qurumlarının müəllif hüquqları ilə qorunan materiallarından kommersiya məqsədilə istifadəsinə görə ödəniş etməsini təmin edən hüquqi mexanizmin yaradılmasıdır. Bunun üçün yerli media qurumları vahid platformada birləşərək beynəlxalq şirkətlərlə kollektiv danışıqlar aparmalıdırlar”.
Beynəlxalq təcrübəyə istinad edən A.Nəsirli qeyd etdi ki, Fransa, Avstraliya və Kanada kimi ölkələrin təcrübəsi göstərir ki, bu istiqamətdə real nəticələr əldə etmək mümkündür.
“Məncə, ən vacib məqam ondan ibarətdir ki, rəqəmsal platformalardan toplanan vergilərin büdcəyə daxil olması ilə kifayətlənməməliyik. Bu vəsaitin bir hissəsi yerli medianın iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət etməlidir. Çünki milli media zəiflədikcə ölkənin öz informasiya məhsulunu istehsal etmək imkanları da azalır. Dövlət bir tərəfdən rəqəmsal platformalardan vergi toplamalı, digər tərəfdən isə həmin platformalarla rəqabətdə çətinlik çəkən milli medianın inkişafına dəstək verməlidir. Beləliklə, rəqəmsal iqtisadiyyatın yaratdığı gəlirin bir hissəsi onu zənginləşdirən yerli informasiya istehsalçılarına da qayıtmış olar”-deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA