Arzuxan Əlizadə: “Bu, onu göstərir ki, rəsmi İrəvan dəhlizlə bağlı işlərin sürətləndirilməsində maraqlıdır”
Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb. Bunu Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinin sifarişinə öz təşəbbüsü ilə başlayacaq: “TRIPP-in inkişafı üzrə şirkət yaradılana qədər Ermənistan hökuməti öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərini sifariş edəcək. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri ona təhvil verəcək”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, bu, onu göstərir ki, rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətləndirilməsində maraqlıdır: “Ən azından Paşinyanın açıqlaması belə təəssürat yaradır. Məsələ ondadır ki, Ermənistan beynəlxalq daşımalarda yer almaq istəyir. Bu, həm Ermənistanın iqtisadi inkişafı üçün, həm də təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Bu, Ermənistana ilk növbədə 30 ildən artıqdır davam edən nəqliyyat və kommunikasiya blokadasından çıxmaq imkanı verəcək. Bunun sayəsində Ermənistan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində geniş nəqliyyat şəbəkələrinə çıxış əldə edəcək. Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi yaradacaq. Marşrut boyunca yalnız yollar deyil, həm də yüksək gərginlikli elektrik ötürücü xətləri qurulacaq. Bu, Azərbaycanın əsas hissəsindən Ermənistan vasitəsilə Naxçıvana və oradan Türkiyəyə elektrik enerjisinin ötürülməsini təmin edəcək və Ermənistanı bu şəbəkədə pay sahibinə çevirəcək. Bütün bunlar hesabına Ermənistan tranzit gəlirləri əldə edəcək. Zəngəzur dəhlizi hesabına Qərb, əsasən də ABŞ Ermənistanı Rusiyanın təzyiqlərindən qoruyacaq. Hər halda Birləşmiş Ştatlar istəməz ki, Rusiyadan yan keçən Orta Dəhliz Moskvanın nəzarətində olsun. Nəzərə almaq lazımdır ki, Orta Dəhlizin bir qolu Zəngəzur dəhlizindən keçir”.
Vidadi ORDAHALLI