Azər Həsrət: “Sadəcə siyasi müstəvidə ayaqda durmaq üçün Paşinyana qarşı bu cür çıxışlar edilir”
Ermənistan parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr qızışıb. Parlamentdəki müxalifət partiyaları yeni konstitusiyanın qəbul edilməməsində israr etməyə davam edirlər. Hər iki müxalif fraksiya – “Güclü Ermənistan” və “Hayastan” bloku bunu “Əliyevin konstitusiyası” adlandırır və onun Azərbaycanın xahişi ilə hazırlandığını iddia edirlər.
“Qonşu ölkənin lideri konstitusiyamızla bağlı məsələni həll edə bilməz. Biz dövlətçilikdən bəhs edir, biz oyunca deyilik” – deyə “Güclü Ermənistan”ın liderlərindən biri Narek Karapetyan deyib. Hazırda həbsdə olan Robert Köçəryanın Hayastan Bloku da buna qarşıdır. Blok təmsilçiləri konstitusiya dəyişiklikləri ilə bağlı parlamentdəki səsvermələrdə onun əleyhinə səs verəcəklərini bəyan ediblər.
Parlamentdəki revanşist müxalifətin konstitusiya dəyişikliklərinə qarşı belə sərt mövqedən çıxış etməsinin kökündə nə dayanır? Siyasi səhnədən silinmək təhlükəsi, yoxsa Rusiyadan gələn sifariş?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, burada həm Rusiyanın sifarişi var, həm də müxalifətin özünü ayaqda tutması üçün cəhdləri var: “Yəni konstitusiya dəyişikliyi qaçılmazdır. Bunu revanşist müxalifətin başında duran Robert Köçəryan, Serj Sarkisyan yaxşı bilirlər. Ermənistanda ağlı başında olan hər kəs başa düşür ki, ölkə konstitusiyasını dəyişmədən Azərbaycanla dayanıqlı və əbədi sülh əldə edilməyəcək. Bunu hamı bilir, amma nə etməli? Sadəcə siyasi müstəvidə ayaqda durmaq üçün Paşinyana qarşı bu cür çıxışlar edilir. Mümkün olduğu qədər prosesə mane olmağa, onu yubatmağa çalışırlar. Bu isə nəticə etibarilə ona gətirib çıxara bilər ki, Ermənistanda sosial-iqtisadi problemlər dərinləşər. Belə olanda da təbiidir ki, müxalifət üzü üçün əlavə imkanlar əldə edə biləcək. Yəni narazı xalqı öz tərəfinə çəkib hakimiyyətə qarşı səfərbər edə biləcək deyə düşünürlər. Ancaq bir şeyi unudurlar ki, bütövlükdə erməni cəmiyyəti artıq yorulub. Onlar 30 il onlara aid olmayan Qarabağ probleminin altında əziliblər. Bundan sonrakı mərhələdə də həmin problemin əsiri olmaq istəmirlər. Əslində əhalinin böyük çoxluğu istəyir ki, Azərbaycanla dayanıqlı və əbədi sülh olsun. Bundan sonrakı mərhələdə müharibələr olmasın. Ancaq bundan fərqli olaraq müxalifət öz oyununu oynayır. O biri tərəfdən də Rusiya fürsəti fövtə vermir. Çalışır ki, bu qarışıqlıqdan istifadə edib özünün Ermənistandakı əvvəlki status-kvosunu bərpa etsin. Ancaq qatar çoxdan gedib. Gec-tez Ermənistan Konstitusiyanı dəyişməyə məcburdur. Üstəlik, Azərbaycanla sülhdən başqa alternativi yoxdur. Deməyim odur ki, sülh müqaviləsi nə qədər gecikərsə, bu, Ermənistanın ziyanına olacaq. Azərbaycanın bu məsələdə tələsdiyi bir yer yoxdur. Biz burda diktə edən tərəfik”.
Vidadi ORDAHALLI