Trampın nikbinliyi, Rubionun ehtiyatlı mövqeyi nə ilə bağlıdır?
ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukraynanın sülh sazişi imzalamaq ərəfəsində olmadığını bildirib. O, bu açıqlama ilə bir həftə əvvəl ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə telefon danışığından sonra səsləndirdiyi nikbin fikirlərlə bağlı fərqli mövqe ortaya qoyub. Tramp həmin danışıqdan sonra müharibənin dayandırılması istiqamətində razılaşmanın əldə olunacağına ümid etdiyini bildirmişdi. Rubio isə tərəflərin hələlik razılaşmaya yaxın olmadığını vurğulayıb.
Trampın Putinlə telefon danışığından sonra Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı nikbin bəyanatları ilə ABŞ dövlət katibi Marko Rubionun tərəflərin sülh sazişi imzalamaq ərəfəsində olmadığını bildirməsi arasında hansı səbəblərdən ziddiyyət yaranıb? Bu fərqli açıqlamalar ABŞ administrasiyasının danışıqların real vəziyyətinə dair mövqeyində fikir ayrılığından, yoxsa Vaşinqtonun diplomatik strategiyasından irəli gəlir?
Burada ABŞ administrasiyasının daxilində ciddi fikir ayrılığından daha çox, fərqli diplomatik yanaşmaların nümayiş etdirilməsi ehtimalı var. Donald Tramp məsələyə siyasi nəticə və liderlər arasında razılaşma əldə etmək baxımından yanaşır. O, Putinlə telefon danışığından sonra nikbin bəyanatlar verməklə həm danışıqlara təkan verməyə, həm də müharibənin dayandırılması istiqamətində irəliləyiş görüntüsü yaratmağa çalışır. Marko Rubio isə məsələyə daha çox diplomatik və praktiki reallıqlar prizmasından yanaşır. Çünki telefon danışığının müsbət keçməsi hələ tərəflərin sülh sazişinin şərtləri barədə razılığa gəlməsi demək deyil.
Əslində, Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunmasını çətinləşdirən əsas məsələ tərəflərin müharibənin başa çatması ilə bağlı fərqli şərtlər irəli sürməsidir. Ərazi məsələsi, təhlükəsizlik təminatları, işğal olunmuş torpaqların gələcəyi və Ukraynanın gələcək geosiyasi istiqaməti kimi məsələlərdə ciddi ziddiyyətlər qalır. Bu problemlər həllini tapmadan sülh sazişinin imzalanmasını real hesab etmək çətindir.
Digər tərəfdən, Trampın nikbin bəyanatları diplomatik təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. O, bir tərəfdən Putinlə münasibətlərdə dialoqu qorumağa, digər tərəfdən isə Ukrayna və Avropa ölkələrinə danışıqların irəlilədiyi mesajını verməyə çalışır. Rubionun açıqlaması isə tərəflərin mövqelərində real yaxınlaşma olmadığını göstərməklə gözləntiləri daha realist səviyyəyə qaytarır.
Bu iki açıqlama arasında ziddiyyətin olması mütləq şəkildə ABŞ administrasiyasında parçalanma olduğunu göstərmir. Daha çox siyasi nikbinliklə diplomatik reallıq arasındakı fərqi əks etdirir. Bununla belə, Vaşinqton daxilində danışıqların hansı şərtlərlə aparılması və Rusiyaya münasibətdə hansı təzyiq mexanizmlərindən istifadə olunması barədə fərqli yanaşmaların olması da istisna edilə bilməz.
Akif NƏSİRLİ