Fransada 31 oktyabrda ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına Molotov kokteyli atılıb. Parisdə səyyar bir jandarmaya Molotov kokteyli atılıb və onun forması yandırılıb. Fransa hakimiyyət orqanlarının məlumatına görə, oxşar hücumlar nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Milli Jandarma hadisənin görüntülərini sosial mediada paylaşıb və yanğının zabitin ayaqlarını bürüdüyünü göstərib.
"Le Monde" qəzetinin verdiyi məlumata görə, Fransanın daxili işlər naziri Loran Nunyes hadisəni qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib. Nunyes bildirib ki, hakimiyyət orqanları hücum edənlərin kimliyini müəyyən etmək və onları ədalət mühakiməsinə cəlb etmək üçün bütün səylərini göstərəcək.
Qeyd edək ki, Parisdə və Fransanın digər şəhərlərində yaşayış xərclərinin artmasına və ictimai xidmətlərin pisləşməsinə qarşı keçirilən növbəti nümayişlərin sonunda toqquşmalar baş verib. Paytaxtda, Porte de Charenton yaxınlığında vəziyyət gərginləşib. İğtişaşçı qruplar təhlükəsizlik qüvvələrinə Molotov kokteyli də daxil olmaqla müxtəlif əşyalar atıblar. Polis izdihamı dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində keçirilən nümayişlərdə təxminən 320.000 insan iştirak edib. Hakimiyyət orqanları 70.000 polis və jandarm cəlb edib. Yürüşlərin əksəriyyəti dinc keçsə də, axşam saatlarında bir neçə şəhərdə toqquşmalar baş verib.
Tahir TAĞIYEV