Xaqani Cəfərli: "AKP buna etiraz etsə bu günə qədər yürütdüyü Fələstin, Qəzza mərkəzli Yaxın Şərq siyasətinin iflas etdiyini etiraf etmiş olacaq"
Fələstin Prezidenti Mahmud Abbasın Türkiyənin Cümhuriyyət Bayramı günündə – oktyabrın 29-30-da Yunan Kiprinə (Kipr Respublikasına) səfər etməsi və orada rəhbərliklə danışıqlar aparması mediada geniş müzakirələrə səbəb olub.
Fələstin lideri Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşüb, ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edib. Bu addım Ankaranın Kipr məsələsindəki milli maraqları və Kipr Respublikasını rəsmən tanımaması fonunda diqqət çəkib.
Azərbaycan mətbuatı və analitikləri bu hadisəni sual altına qoyurlar. Bakını İsraillə əlaqələrinə görə sərt tənqid edən Türkiyədəki bəzi hakimiyyətyönlü (AKP) dairələrin və islamçı qrupların indi Fələstin rəhbərliyinin Türkiyənin milli maraqlarına zidd sayılan Kipr səfərinə səssiz qalması suallar doğurur.
M.Abbasın bu addımını politoloqlar AKP iqtidarına "müttəfiq silləsi" kimi dəyərləndirir.
AKP iqtidarının Fələstin liderinin yunan Kiprinə səssiz qalmasına münasibət bildirən politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Mərkəzi Asiyanın Türk Dövlətləri Kipr Respublikası ilə diplomatik münasibətlər qurması, adanın tək qanunu təmsilçisi olaraq tanınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini tanımalarından sonra Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana hücumlar başlamışdı. "Hətta bəziləri Türkiyənin tədbirlər görəcəyi iddiası ilə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı təhdid edirdi.
Çox təəssüf ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı təhdid etməyi özünə rəva bilənlər Fələstin müxtariyyətinin rəhbəri Mahmud Abbas Cənubi Kiprə səfəri qarşısnda susur. Çünki, AKP buna etiraz etsə bu günə qədər yürütdüyü Fələstin, Qəzza mərkəzli Yaxın Şərq siyasətinin iflas etdiyini etiraf etmiş olacaq. Bu isə Türkiyənin daxili siyasətinə də tsəir edər. Məlum olduğu kimi AKP islamçı seçicisini İsrail düşmənliyi, Fələstinin himayəçisi kimi görünməklə öz ətrafında birləşdirib. Bu birlik pozulsa Ərdoğan hakimiyəti dərhal çökər. Azərbaycana qarşı istrikanın bir səbəbi də Bakının yaxın Şərq siyasətinin AKP-nin Yaxın Şərq siyasətini ifşa edir". X.Cəfərlinin fikrincə, Türkiyədə minlərlə şəxs Ankaranın da məhz Bakı kimi davranmasını istəyir. "İndi Mahmud Abbasa qarşı sərt mövqe ifadə etsələr özlərini tam ifşa edərlər ki, bu da AKP-nin sonunu gətirər"-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA