Gizli bir şəbəkə, xarici vasitəçilər və bank hesabları vasitəsilə sanksiyaları aşaraq İrana silah göndərilməsini maliyyələşdirir.
“Reuters” agentliyinin məlumata görə, İran 2025-ci ilin yanvar ayından bəri həm ABŞ-ın dəniz blokadasını, həm də Qərbin sanksiyalarını aşaraq ən azı 2 milyard dollar dəyərində avadanlıq, partlayıcı maddələr və ağır nəqliyyat vasitələri idxal etmək üçün qlobal miqyasda fəaliyyət göstərən gizli hərbi agentliklər şəbəkəsi yaradıb.
Qeyd edilir ki, İran Müdafiə Nazirliyinin daxilindəki bölmələrin arxasında 5000-dən çox təşkilat gizlənir. Onların maliyyə izləri 2016-cı ildən bəri gəmiçilik məlumatlarında görünür və onlardan bəziləri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran elitasının nəzarətində olan biznes konqlomeratları ilə əlaqəlidir.
Nəşrin məlumatına görə, 2025-ci ilin yanvar ayından 2026-cı ilin iyun ayına qədər "MOD 346428" adlı agentlik dron və raketlərin istehsalı üçün lazım olan raket yanacağı, partlayıcı maddələr və silah komponentlərini, eləcə də buraxılış qurğusu kimi ağır tonnajlı nəqliyyat vasitələrini idxal edib. Avadanlıqlar quru, dəniz və hava yolu ilə çatdırılıb.
Bildirilir ki, bütün gizli xidmətlər Tehranda İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Logistika İdarəsi ilə eyni ünvanda qeydiyyatdan keçib.
Qeydiyyat tarixi 11 fevral 1979-cu il kimi göstərilsə də, əksəriyyəti 2013-cü ildə, sanksiyalar və neft ixracının və valyutanın kəskin azalması fonunda yaradılıb. “Reuters” bu agentliklərin Qərbin sanksiya siyahılarına daxil edildiyinə dair heç bir dəlil tapmayıb.
"Rejim sərt sanksiyalarımızı aşmaq, hərbi və silah proqramlarını maliyyələşdirmək və xarici valyutaya çıxış əldə etmək üçün çarəsiz cəhdlərini davam etdirsələr də, biz həmişə 10 addım öndəyik" – deyə ABŞ Maliyyə Nazirliyindən agentliyə bildirilib.
Tahir TAĞIYEV