Qüdsdə bir kişi Erməni məhəlləsində yerləşən Müqəddəs Yaqub monastırının girişinə tüpürüb və bu hərəkətinə etiraz edən erməni mühafizəçini təhqir edib. Hadisə çərşənbə axşamı axşam saatlarında, İsraildə parlament seçkilərinin keçirildiyi gün baş verib. "Zartonk Media"nın məlumatına görə, təhlükəsizlik kameralarının görüntüləri Qüdsdə fəaliyyət göstərən erməni jurnalist Keğam Balyan tərəfindən yayımlanıb. Mühafizəçi həmin şəxsə: "Monastıra tüpürməyə utanmırsınız?" – deyə müraciət edib. Balyanın verdiyi məlumata görə, həmin şəxs ona susmağı əmr edib və nalayiq ifadələr işlədib. Müqəddəs Yaqub monastırı Qüds Erməni Patriarxlığının mərkəzi və Erməni Patriarxının iqamətgahı kimi fəaliyyət göstərir. Bu, avqust ayından bəri monastırın girişinə qarşı qeydə alınan üçüncü hücum halıdır. Sentyabrın 26-da təhlükəsizlik kameraları başqa bir şəxsin monastırın divarına sidik ifraz etməyə cəhd etdiyini lentə alıb; erməni mühafizəçi həmin şəxsi oradan uzaqlaşdırıb. Avqustun 2-də isə altı israillidən (beşi yetkinlik yaşına çatmamış, biri isə yetkin) ibarət bir qrup monastırın girişinə tüpürüb, qapıları döyəcləyib və monastır ərazisinə daşlar atıb. Daşlardan bəziləri hadisəni öz evindən videoya çəkən bir erməni qadının pəncərəsinə dəyib. Bir mənbənin verdiyi məlumata görə, həmin hücumla əlaqədar on nəfər saxlanılıb. Qüdsün Köhnə şəhər hissəsindəki təzyiq və təhqirlərin miqyası "Dini Azadlıqlar Məlumat Mərkəzi"nin (Religious Freedom Data Center - RFDC) bu ay dərc olunan hesabatında öz əksini tapıb. Təşkilat 2022-ci ilin iyul-sentyabr ayları ərzində 96 ayrı hadisə çərçivəsində 106 təzyiq və ya təhqir faktını qeydə alıb. Köhnə şəhər ərazisində qeydə alınan 77 hadisədən 45-i Erməni məhəlləsinin mərkəzində, Erməni Patriarxlığı küçəsində baş verib. Əli TURABOV