Vüqar Bayramov: “Rusiya Türkiyəyə daha çox qaz ixrac etmək istəyir”
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı ölkəsi üçün sabit və yaxşı tərəfdaş adlandırıb. O bildirib ki, hazırda iki ölkə arasında energetika və qaz sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunur.
Rusiya Prezidenti vurğulayıb ki, Moskva Türkiyənin qaz bazarında Azərbaycanla rəqabət aparmaq əvəzinə, əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirir.
Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxış edən Putin bildirib ki, Rusiya Türkiyəyə qaz ixracında Azərbaycanı özünə rəqib hesab etmir. O, Rusiyanın Türkiyəyə Azərbaycandan xeyli çox qaz tədarük etdiyini vurğulayıb və Moskva ilə Bakının gələcək əməkdaşlıq üçün yaxşı perspektivlər gördüyünü qeyd edib: “Biz Azərbaycanla əməkdaşlığımızı, o cümlədən energetika və qaz sahələrində əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edirik. Bir daha vurğulamaq istəyirəm ki, bu istiqamətdə yaxşı perspektivlər görürük və birgə işləməyə hazırıq”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən cənab Prezident Azərbaycanın enerji sahəsində vacib tərəfdaş olduğunu bildirdi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan həm enerji, həm digər istiqamətlərdə region ölkələri ilə əməkdaşlıq edir. Hazırda Azərbaycan Türkiyə daxil olmaqla 16 ölkəyə qaz ixrac edir. Azərbaycanın qaz ixracatında da artımlar müşahidə edilir. Azərbaycan heç bir bazarda, o cümlədən, Türkiyə bazarında hansısa dövlətlə rəqabət aparmır. Azərbaycanın əsas məqsədi qaz ixrac etdiyi ölkələrlə enerji sahəsində əməkdaşlıq etməkdir. Həmçinin bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə verməkdən ibarətdir. Rusiyanın qaz ehtiyatları çox böyükdür. İstəsək belə, rəqabət apara bilmərik. Çünki qaz ehtiyatları arasında böyük fərq var. Rusiya Türkiyəyə daha çox qaz ixrac etmək istəyir. Bununla belə, Rusiya Azərbaycanla da tərəfdaşlığı genişləndirir. Təsadüfü deyil ki, Rusiya Azərbaycanın ticarət sahəsində əsas tərəfdaşıdır. İdxalda Rusiya ikinci ən böyük tərəfdaşdır. Ona görə də Rusiya ilə iqtisadi tərəfdaşlıq və ticarət dövriyyəsinin nəticələri göstərir ki, bütövlükdə iqtisadi sahədə əməkdaşlıq var və davam edir. Eynilə Azərbaycan öz milli maraqları çərçivəsində digər region ölkələri ilə də əməkdaşlığı genişləndirməkdə maraqlıdır”.
Vidadi ORDAHALLI