Tarixi Zəngəzur mahalı Cənubi Qafqazın ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, müxtəlif dövrlərə aid memarlıq abidələri ilə zəngindir. Bölgədə İslam dininin yayılmasından sonra inşa edilən dini, xatirə və mülki memarlıq nümunələri yerli türk-İslam təfəkkürünün və memarlıq ənənələrinin bariz göstəricisidir.
Araşdırmalar görünür ki, Zəngəzurun İslam memarlığı formalaşarkən Arran memarlıq məktəblərinin təsiri olmuşdur. Bu baxımdan Zəngəzurun Kafan, Meqri, Gorus, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisindəki İslam abidələrinin struktur və üslub xüsusiyyətlərini öyrənməyə dəyər. Cəbrayıl və Zəngilan rayonları Araz çayı hövzəsində yerləşdiyinə görə ticarət yollarının üzərində olmuş və burada orta əsrlər İslam memarlığının möhtəşəm nümunələri ucaldılmışdır. Bu baxımdan Cəbrayıl ərazisindəki XII–XIII əsrlərə aid Xudafərin körpüləri və ona bitişik mülki tikililər İslam dövrü mühəndislik sənətinin zirvəsidir.
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Məmmədbəyli türbəsi (1305-ci il, memar Əli Məcidəddin) səkkizbucaqlı quruluşu və nəsh xətti ilə həkk olunmuş kitabəsi ilə Elxanilər dövrü İslam memarlığının parlaq nümunəsidir. Cəbrayılın Xubyarlı kəndindəki XVIII əsr türbəsi də bu sıraya daxildir. Bunula yanaşı, Zəngilan şəhər məscidi və Cəbrayılın Çələbilər kəndindəki XVII əsr məscid-mədrəsə kompleksi bölgənin dini-tədris mərkəzi olmuşdur. Bu bölgələrə nisbətən Kəlbəcər və Qubadlı əraziləri həm alban-xristian, həm də İslam abidələrinin sintez olunduğu məkandır. Məsələn,
Kəlbəcər bölgədəki kilsə və monastrlar, Lök qalası, XIX əsrə aid dördsütunlu Qamışlı, Şaplar məscidləri dağlıq relyefə uyğunlaşdırılmış yerli daş memarlığını əks etdirməklə yanaşı buna bariz nümunə ola bilər.
Qubadlı rayonunun Dəmirçilər türbəsi (XIV əsr) və Güləbird türbəsi (Sarı Aşıq türbəsi) İslam xatirə memarlığının kənd üslubundakı təzahürləridir. Bununla yanaşı, Qubadlı kəndlərində yonma daşlarla tikilmiş XIX əsrə aid məscidlər sadə kompozisiyası və divar içi taxçaları ilə bu üslubu yaşadır. Bundan fərqli olaraq, Qərbi Zəngəzur ərazisində zamanla baş verən siyasi və demoqrafik dəyişikliklər memarlığa da təsir etmişdi. Bu hal XIX əsrə aid edilən abidələrdə daha çox hiss olunur. Belə ki, Kafan rayonunun qədim azərbaycanlı kəndlərində (Kürdəkənd, Qarakilsə, Göyəlin və s.) mövcud olmuş məscidlər və pir-ziyarətgahlar yerli çay daşları və əhəng məhlulu ilə inşa edilmişdir. Bu ibadətgahlar, əsasən, bir və ya iki mərtəbəli, daxildən ağardılmış, sadə mehraba malik tikililər idi.
Meqri rayonunun Nüvədi, Aldərə, Ləhvaz kəndlərində XIX əsrin sonlarına aid məscid binaları və İslam qəbiristanlıqlarında yerləşən türbələr də maraqlı abidələrimizdəndir. Onlar arasında Nüvədi kəndindəki Sultan Allahverdi məscidi bölgənin ən iri dini abidələrindən biri hesab olunurdu. Bu baxımdan Gorus rayonunun ərazilərində də kifayət qədər İslam abidələrinə rast gəlmək mümkündür. Sözsgedən rayonu ərazisində, xüsusən Şurnuxu, Ağbulaq, Xoznavar kəndlərində və Gorus şəhərinin özündə XIX əsrin sonlarında inşa olunmuş məscidlər fəaliyyət göstərmişdir. Bu məscidlər, əsasən, daş sütunlu, tavanı şəbəkəli və ya tağ-tavanlı üslubda inşa olunurdu.
Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun memarlıq abidələri Arran memarlıq məktəbindən təsirlənmişdir. Lakin bu abidələrin səciyyəvi özəllikləri də var. Belə ki, bölgənin dağlıq xarakterinə uyğun olaraq, tikintidə əsasən yerli bazalt, vulkanik tüf və çay daşlarından istifadə edilmişdir. Bununla yanaşı, türbələrdə səkkizüzlü və ya çatma tağlı piramidal gümbəzlər, məscidlərdə isə dördsütunlu (və ya iki sütunlu) daxili məkan bölgüsü üstünlük təşkil edir.
Nəticə etibarı ilə qeyd edək ki, Zəngəzur bölgəsinin (Kafan, Meqri, Gorus, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl) İslam memarlığı Azərbaycanın ümumi memarlıq məktəbinin ayrılmaz tərkib hissəsidir. Bölgədəki türbələr, məscidlər və mülki tikililər orta əsrlərdən XIX əsrə qədər olan dövrdə zəngin inşaat və bədii ənənənin mövcudluğunu sübut edir. Bu abidələrin elmi cəhətdən pasportlaşdırılması və tədqiqi regionun tarixi-mədəni mənzərəsini bərpa etmək baxımından böyük əhəmiyyət kəsb edər.
Rizvan QARABAĞLI Memarlıq üzrə fəlsəfə doktoru, dosent