Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, Ermənistan Azərbaycandan rəsmi üzr istəməlidir”
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib ki, Ermənistan azərbaycanlılara üzr ünvanlamalıdır:
“Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik. Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçüm hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi kağız üzərində qalmamalıdır: “Biz görürük ki, hələ də Ermənistan ictimai-siyasi dairələrində revanşistlər qalmaqdadır. Xüsusən də müxalifət və Qarabağdan gedən separatçılar vahid mövqedən çıxış edirlər. Erməni Kilsəsi də onlarla vahid mövqedən çıxış edir. Bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyətində revanşizm qalmaqdadır. Hesab edirəm ki, bütün bunlara son verilməlidir və Ermənistan Azərbaycandan üzr istəməlidir. Çünki əhalimizi qətlə yetiriblər, rayonlarımızı məhv edib yer üzündən siliblər. Ekologiyaya ciddi zərər vurublar. Əgər bunlar olmasa, yekun sülh müqaviləsi kağız üzərində qalacaq. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr yenidən revanşa əl ata bilərlər. Ona görə də bütün bu məsələlər bir biri ilə sıx bağlıdır. Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamalıdır. Ümumiyyətlə, Ermənistan qanunvericiliyində Qarabağ məsələsi tamamilə çıxarılmalıdır. Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin ortadan qaldırılması ilə bağlı ciddi işlər görülməlidir. Bir sözlə, Ermənistanın görəcəyi işlər çoxdur və mütləq şəkildə həyata keçirilməlidir. Cənab Hacıyevin də dedikləri bu yöndədir. Hesab edirəm ki, Ermənistan Azərbaycandan rəsmi üzr istəməlidir. Xalq da görməlidir ki, həqiqətən də Azərbaycana qarşı işğal və hərbi cinayət olub”.
Vidadi ORDAHALLI