İsrail Xarici İşlər Nazirliyi BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham edir. Xarici İşlər Nazirliyi BMT-nin İsraili və onun təhlükəsizlik qüvvələrini fələstinlilərin öldürülməsi, işgəncəyə məruz qoyulması və zorlanması da daxil olmaqla, bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham edən yeni hesabatını tənqid edib. Nazirlik 26 oktyabrda yaydığı bəyanatda sənədi siyasi motivli adlandırıb.
"Siyasi xarakter daşıyan BMT İnsan Hüquqları Şurasının himayəsi altında hazırlanmış komissiya hesabatı insan hüquqları ilə bağlı sənəd deyil, əksinə, reallıqdan uzaq bir təbliğat vasitəsidir. Bu sənəd İsrailin özünümüdafiə hüququna zərbə vurmağa, yəhudi dövlətini qeyri-legitimləşdirməyə və onun vətəndaşlarına qarşı yönəlmiş cihadçı terrorizmi əsaslandırmağa xidmət edir"- bəyanatda deyilir. İsrail Xarici İşlər Nazirliyi vurğulayıb ki, 2021-ci ildə yaradılmış bu komissiya, nazirliyin qənaətinə görə, fəaliyyətə başladığı ilk gündən etibarən İsrailə qarşı qərəzli mövqe nümayiş etdirib. Komissiyanın fəaliyyəti, BMT-nin əhəmiyyətli resurslarının – o cümlədən maliyyə və kadr ehtiyatlarının – İsrail əleyhinə təbliğat yaymaq üçün necə istifadə olunduğuna bariz nümunə kimi təsvir edilir.
İsrail Xarici İşlər Nazirliyi həmçinin sənəd müəlliflərini terrorçu təşkilatların irəli sürdüyü iddiaları sözbəsöz təkrarlamaqda ittiham edib. Bəyanatda deyilir: "Bu qondarma hesabatın terrorçu təşkilatlar tərəfindən yayılan hadisə versiyasını olduğu kimi təkrarlaması onun əsl mahiyyətini və məqsədlərini açıq şəkildə ortaya qoyur". Sonda nazirlik komissiyanın fəaliyyətinə görə siyasi məsuliyyəti BMT rəhbərliyinin üzərinə qoyub: "Bu, BMT Baş katibinin və İnsan Hüquqları üzrə Ali Komissarın utancverici irsidir".
SAMİRƏ