Yəməndəki husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı hava və dəniz bazalarına hücum etdiklərini iddia ediblər.
Hərəkatın sözçüsü Yəhya Sarinin sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə edərək üç hərbi əməliyyat həyata keçirib. Qrupun sözçüsünün sözlərinə görə, onların hədəfləri krallığın paytaxtındakı hava limanı, Xamis Muşaytdakı Kral Xalid hava bazası və Cazandakı dəniz bazası olub.
Səudiyyə Ərəbistanı əvvəllər ölkənin cənub bölgələrinə yönəlmiş ən azı on ballistik raketi məhv etdiyini bildirmişdi. Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri Ər-Riyada doğru uçan bir raket və iki dron, eləcə də Xamis Muşayta yönəlmiş bir kruiz raketini vurub. Husilərin bu hədəfləri vurduğuna dair iddialarının müstəqil təsdiqi yoxdur.
Hücumlar iki həftə bağlanmış Ər-Riyad Beynəlxalq Hava Limanının qismən yenidən açıldığı gün baş verib. Oktyabrın əvvəlində husilərin öz üzərinə götürdüyü hücum nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Sari yenidən Ər-Riyad hava limanını hərbi hədəf adlandırıb və aviaşirkətləri, hava limanı işçilərini və sərnişinləri oradan istifadə etməməyə çağırıb.
Bu eskalasiya husilər və Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında yenidən döyüşlərin başlaması fonunda baş verir. Qarşıdurma əsasən 2022-ci ildən bəri davam edən atəşkəsin pozulmasından sonra daha da şiddətlənib.
Tahir TAĞIYEV