Rusiya dizel yanacağı daşıyan ilk üç tankerini Atlantik okeanının şərq sahillərinə doğru yola salıb. TASS agentliyinin xəbərinə görə, bu barədə Baş nazirin müavini Aleksandr Novak bildirib. "Yanacaq daşıyan ilk üç tanker artıq Atlantik okeanının şərq sahillərinə doğru yoldadır; bu prosesdə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) tərəfindən ciddi dəstək göstərilib"- o deyib. Daha əvvəl Novak bildirmişdi ki, Rusiya dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri nəzərdə tutulandan daha tez aradan qaldırmağa başlayır. Onun sözlərinə görə, planlara əsasən, oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağının ixracı nəzərdə tutulur. Gələcəkdə aylıq ixrac həcminin 3 milyon tona qədər artırılması mümkündür. Novak həmçinin qeyd edib ki, Rusiya və ABŞ dizel yanacağının tədarükü ilə bağlı müqavilələri tamamlamaq üzrədir. SAMİRƏ