Rəsul Cahangirli: “Ölkə vətəndaşlarının Naxçıvana gediş-gəlişi daha da asanlaşacaq”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib.
Bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, hər iki tərəf üçün faydalı olan TRIPP-in iqtisadi baxımdan artıq sülhün möhkəmlənməsinə müsbət təsiri var: “Əgər biz Azərbaycan ərazisindən keçməklə Çindən dəmir yolu ilə nəsə gətirə biliriksə, burada ironiya nədədir? Bəli, Azərbaycanın marağı var, Ermənistanın da marağı var. Bu, qarşılıqlı faydalı işdir”.
Məlum olur ki, Zəngəzur dəhlizi ilə təkcə yüklər deyil, həm də sərnişin daşınacaq.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti vasitəsi ilə sərnişin daşımalarının həyata keçirilməsi çox önəmli əhəmiyyətə malik olacaq: “Əvvəla, onu qeyd edim ki, Azərbaycanın rəsmi planlamasında bu xəttin illik 15 milyon ton yük və 5,5 milyon sərnişin daşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması və həmin region üçün daha böyük iqtisadi və geosiyasi imkanlar aça bilər. Ölkə vətəndaşlarının Naxçıvana gediş-gəlişi daha da asanlaşacaq. Hər dəfə baha qiymətə təyyarələrlə getməyə ehtiyac olmayacaq. Digər tərəfdən, bu, Naxçıvanın yalnız nəqliyyat və logistika baxımından deyil, həm də turizm baxımından potensialını xeyli artıracaq. Daha çox turistin Naxçıvana getməsinə şərait yaradacaq. Nəzərə almaq lazımdır ki, müasir dövrdə getdikcə turizm anlayışı, yanaşmalar dəyişir. İnsanlar artıq yalnız istirahət etmək və yeni yerlər görmək üçün deyil, öz kimliklərinin, mədəniyyətlərinin və tarixi köklərinin izlərini yerində görmək üçün də səyahət edirlər. Dəmir yolu həm ucuz, həm də daha təhlükəsiz bir nəqliyyat vasitəsidir. Turizm sektoru hesabına Naxçıvan iqtisadiyyatında əlavə dəyər yaratmaq mümkün olacaq. Nəticədə Naxçıvan Orta Dəhliz üzərində sadəcə keçid məntəqəsi olmaqdan çıxaraq logistika, ticarət, investisiya və turizm mərkəzinə çevrilə bilər. O baxımdan Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti vasitəsi ilə sərnişin daşımalarının həyata keçirilməsinin əhəmiyyəti böyük olacaq”.
Vidadi ORDAHALLI