Elçin Əfəndi: “Söhbət AKP dövründə yaranan universitetlərdən bu özəl universitetlərdə əsasən əcnəbi tələbələr oxuduğu üçün akademik göstəriciləri elə də yüksək deyil”
CHP-çi millət vəkili Gökhan Günyadın AKP iqtidarı dövründə yaranan universitetlər barədə tənqid edərək bildirib ki, universitetlər elmi inkişafın məkanıdır, keçmiş siyasətçilərin mükafatlandırılma yeri deyil. “Deyirsiz ki, universitetlər açdıq. Bəli, universitetlər açdınız. Son 25 ildə Türkiyədə universitetlərin sayı 75-dən 208-ə yüksəldi. Bəs gəlin görək, dünyanın ilk 500 universiteti sırasına hansı ali təhsil müəssisələrimiz daxil olub? Orta Doğu Texniki Universiteti (ODTÜ), Boğaziçi Universiteti, Ankara Universiteti, Bilkent, Koç və Sabancı universitetləri. Bəs bunlardan hansını siz yaratmısınız?
Ancaq bir sual var: bu universitetlər 25 il əvvəl də dünyanın ilk 500-lüyündə deyildimi?
Gəlin, ilk 1000-yə daxil olan universitetlərə də baxaq. Daha beş universitetin adını çəkəcəyəm: Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki və Qazi universitetləri. Bunlardan hansını siz yaratmısınız? Bəs niyə sizin hakimiyyətiniz dövründə yaradılan universitetlərdən heç biri dünyanın ilk 1000-yi sırasına daxil ola bilməyib?
Səbəbini deyim. Çünki siz universitetlərə bəzən elmi inkişafın və akademik tərəqqinin mərkəzi kimi deyil, üç-dörd çağırış deputatlıq etmiş, siyasi karyerasını başa vurmuş keçmiş AKP nümayəndələrinin yerləşdiriləcəyi məkan kimi yanaşırsınız.
Mən söylədiklərimi konkret adlar çəkərək əsaslandırıram. Keçmiş deputat Nükhet Hotarı Doqquz Eylül Universitetinə rektor təyin etdiniz. Necdet Budak Ege Universitetinin, Seyit Aydın isə Sağlıq Elmləri Universitetinin rəhbərliyinə gətirildi. Necdet Ünüvar Ankara Universitetinə, Burak Kılınç isə Kütahya Sağlıq Elmləri Universitetinə rektor təyin edildi. Mazhar Bağlını Nevşehir Hacı Bektaş Veli Universitetinə, Cem Zorlunu Necmettin Erbakan Universitetinə, Mehmet Naci Bostancını isə Ankara Hacı Bayram Veli Universitetinə rektor göndərdiniz.
Bütün bunlardan sonra soruşuram: universitetlər keçmiş deputatlarınızın siyasi karyeradan sonrakı fəaliyyətlərini davam etdirəcəkləri yerlərdirmi? Siz ali təhsil müəssisələrini kimlərin şəxsi təsərrüfatı hesab edirsiniz?
Üstəlik, AKP-dən deputatlığa namizəd olmuş, lakin seçilməmiş şəxslərin həyat yoldaşlarının, qardaşlarının və digər yaxınlarının da universitet rəhbərliyinə gətirildiyinə dair nümunələr var. Boğaziçi, Malatya Turgut Özal, Kilis 7 Aralık, Erciyes, Eskişehir Osmangazi, Atatürk, Yalova, Qars, Van, Alanya Alaaddin Keykubat və Giresun universitetləri ilə bağlı təyinatlara da bu kontekstdə baxmaq lazımdır.
Universitetlər siyasi təsirlərdən nə qədər uzaq olarsa, elmi fəaliyyət üçün bir o qədər sağlam mühit yaranar. Ali təhsil müəssisələrinin idarəçiliyi siyasi sədaqətə deyil, akademik nüfuza, elmi nailiyyətlərə və idarəçilik bacarığına əsaslanmalıdır.
Bir məsələni də xatırladım. Sizin hakimiyyətiniz dövründə dosentlik prosesində müsahibə mərhələsi aradan qaldırıldı. Yaxşı, bunu müsbət addım hesab edirsinizsə, bəs xarici dil məsələsinə necə yanaşaq? Xarici dil üzrə tələb olunan minimum balı 55-ə endirməyiniz hansı məntiqə əsaslanır?
Axı universitetdə dərs deyən, elmi araşdırma aparan insan xarici dildəki elmi ədəbiyyatı oxumağı, beynəlxalq tədqiqatlarla tanış olmağı bacarmalıdır. Xarici dil biliyi zəif olan bir şəxsin müasir elmi mühitə inteqrasiyası necə təmin ediləcək?
Əgər universitetlərə elmi göstəricilərinə görə deyil, siyasi münasibətlərinə və şəxsi əlaqələrinə görə kadrlar cəlb etsəniz, nəticə necə olacaq? Bu gün televiziyalarda siyasi sifarişləri yerinə yetirən çıxışları ilə tanınan bir müəllim köməkçisini üç il sonra professor adı ilə qarşımızda görsək, həmin universitetdən hansı elmi nəticəni gözləyə bilərik?
Universitetlərin sayı arta bilər, binalar tikilə bilər, rektorlar təyin oluna bilər. Amma bunların heç biri öz-özlüyündə elmi tərəqqi demək deyil. Elm azad düşüncə, akademik müstəqillik, obyektiv qiymətləndirmə və peşəkar kadrlar tələb edir.
Əsas sual budur: universitetləri həqiqətən elm və təhsil üçün qurmusunuz, yoxsa onları siyasi kadrların yerləşdirilməsi vasitəsinə çevirmisiniz?
Universitetlərdən elm yaranması üçün ilk növbədə onların siyasətin təsirindən azad olması lazımdır”-deyə Günaydın vurğulayıb.
Türkiyədə AKP iqtidarı dövründə yaradılan ali məktəblər hansı səbəbdən dünya reytinqindəki 1000-yə düşə bilməyib?
Təhsil eksperti Elçin Əfəndi baki-xeber.com-a bildirdi ki, ilk növbədə, universitetlərin sayının artması ilə təhsilin keyfiyyətinin yüksəlməsini bir-birindən fərqləndirmək lazımdır.
“Təbii ki, Türkiyədə sayılıb-seçilən universitetlər var. Orta Doğu Texniki Universiteti, Boğaziçi Universiteti, Ankara Universiteti, İstanbul Texniki Universiteti ilə yanaşı, Bilkent, Koç və Sabancı kimi ali təhsil müəssisələri var ki, Türkiyənin akademik nüfuzunun formalaşmasında mühüm rol oynayırlar. Dövlət universitetləri beynəlxalq reytinqlərdə yüksək yerlər tuturlar. Tənqid olunanlar son 25 ildə yaradılan özəl universitetlərdir ki, onların sayı həddən artıq çoxdur və akademik göstəriciləri də aşağıdır. Özəl ali məktəblər əcnəbi tələbələri qəbul etməklə ayaqda qala bilirlər. Amma söhbət AKP dövründə yaranan universitetlərdən bu özəl universitetlərdə əsasən əcnəbi tələbələr oxuduğu üçün akademik göstəriciləri elə də yüksək deyil. Verilən təhsilin keyfiyyəti aşağıdır. Bura o tələbələr qəbul olunurlar ki, öz ölkələrində ali məktəblərə qəbul ola bilmirlər. Onlar atestatla, digər dövlət nümunəli sənədlərlə gedib Türkiyənin özəl ali məktəblərinə qəbul olurlar. Akademik göstəricilərinin aşağı olması həmin universitetlərin reytinqinə təsir göstərir, o özəl universitetlərin göstəriciləri həddən artıq aşağıdır. Dünya reytinqində yer almayanlar özəl universitetlərdir ki, bunların məqsədi vəsait qazanmaqdır, səviyyələri də çox aşağıdır”.
E.Əfəndi bununla belə qeyd etdi ki, özəl universitetlər içində də reytinqi olanlar var, tamamilə tanınmış universitetlərdir, özəl olmaqlarına baxmayaraq maddi-texniki infrastrukturları və təhsilin keyfiyyəti yüksəkdir. “Amma digərləri yeni yaranan universitetlərdir, akademik göstəriciləri çox aşağıdır. O ali məktəblərdə qəbul asan olduğundan istənilən adam o universitetlərdə təhsil ala bilirlər. Çox rahatlıqla qəbul olurlar”-deyə E.Əfəndi qyed etdi.
İradə SARIYEVA