Elşən Manafov: “Bir sıra amillər hakim ittifaqı sarsıda biləcək addımların atılmasından çəkindirəcək”
Türkiyədə hakim ittifaqı təşkil edən AKP ilə MHP fərqli ideoloji ənənələrə malikdir. AKP-də dini mühafizəkarlıq, MHP-də isə türk millətçiliyi mühüm yer tutur. Azərbaycan ətrafında yaranmış son gərginlik bu fərqi yenidən üzə çıxarıb. AKP-nin bəzi Azərbaycanın daxili işinə müdaxilə edərək tənqidi fikirlər səsləndirib.
MHP lideri Dövlət Baxçalı isə türk dövlətlərinin suverenliyinə və daxili qanunlarına hörmət edilməsini vurğulayıb. Ankara və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında dini-siyasi qrupların etiraz aksiyaları keçirilib. Sosial şəbəkələrdə MHP-yə yaxın olduğu bildirilən millətçi tələbələrin də bu aksiyalara kəskin etiraz edib.
Maraqlıdır, Azərbaycan məsələsi Türkiyədə AKP-MHP ittifaqını sarsıda bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Türkiyənin hakim ittifaqını təşkil edən AKP və MHP-nin Azərbaycan hökumətinin dövlət məktəblərində vahid məktəbli libasına keçidlə bağlı qəbul etdiyi qərara fərqli yanaşmaları bu ittifaqın ərsəyə gəlməsində strateji əhəmiyyət kəsb edən məsələlərin konteksində onun gələcək müqəddəratına ciddi təsir göstərməyəcək. Bu isə ittifaqa daxil olan partiyaların Azərbaycanla münasibətlərin durumuna fərqli ideoloji dəyərlər konteksindən yanaşmaları ilə bağlıdır. Türkiyə prezidenti Ərdoğanın rəhbərlik etdiyi AK Parti əsasən mötədil islam və liberal mühafizəkarlıq mövqelərində durur. Onun sosial bazasını da məhz bu dəyərləri bölüşdürən cəmiyyət təşkil edir. Baxçalının MHP-sı isə ifrat və qatı millətçilik prinsiplərinə söykənir. Pantürkizm onun ideoloji platformasının əsasını təşkil edir. Ərdoğan "Yeni Osmanlı" layihəsinin qatı tərəfdarı olduğu halda, Baxçalı pantürkizm ideallarından çıxış edərək Turançılığın ideoloji anlamda əsas təbliğatçılarından biridir. Ərdoğanın "Yeni Osmanlı" layihəsi Türkiyənin islam və türk dünyasında dominat rolunun qəbul edilməsinə hədəflənib. Baxçalı Turan layihəsinin perspektiv uğurlarını Türk dünyasını təşkil edən türk soylu dövlətlərin birliyində və həmrəyliyində görür. Bu konteksdə Baxçalı və tərəfdarları üçün Heydər Əliyevin "Bir millət, iki dövlət" devizi daha həssas və cəlbedicidir. AK Parti isə Azərbaycanla münasibətlərə rəsmi Bakı vasitəsilə Qafqazlarda və Mərkəzi Asiyada möhkəmlənmək konteksindən yanaşır. Osmanlının Azərbaycana münasibətdə zamanında sərgilədiyi mövqedə durur və bu amil AKP-nin dövlətimizlə münasibətlərinin tarixində bir neçə dəfə özünü biruzə verib. Unutmaq lazım deyil ki, Osmanlının özünü böyük qardaş rolunda görməsi zamanında Azərbaycanda siyasi böhrana və ilk Azərbaycan hökumətinin buraxılmasına gətirib çıxarmışdı. Məhz Osmanlı tərəfinin təzyiqi ilə Azərbaycanın Milli Şurası Qərbi Azərbaycan torpaqlarında Ararat respublikasının yaradılmasına razılıq verib. Təəssüf ki, belə bir hal 2016-cı ildə də yaşanıb. Avropa İttifaqının tələbi ilə Türkiyənin Aİ-yə qəbul edilə biləcəyi ilə bağlı vədlərin müqabilində AKP hökuməti Sürix protokollarına rəğmən Ermənistanla Türkiyə arasında dövlət sərhədlərinin açıla biləcəyi ilə bağlı qərarın bir addımlığında olub. O zaman yalnız Azərbaycan prezidenti İ. Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Türkiyə Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu yanlış qərardan yan keçmək mümkün olmuşdu”.
Politoloq onu da qeyd etdi ki, Türkiyədə AKP-nin bəzi təmsilçilərinin Azərbaycanda hicabın guya yasaq edilməsi ilə bağlı olmayan qərar ətrafında başladıqları təbliğat kompaniyasına gəlincə bu kompaniya iki qardaş dövlət arasında münasibətlərin məzmun və ruhuna qətiyyən uyğun deyil: “Bununla belə rəsmi Ankaranın susqunluğu Azərbaycanda təəssüf və narahatlıq doğurub. Ölkənin iqtidar partiyası, habelə parlamenti adekvat mövqe sərgiləməklə xəbərdaredici ismarıclar verməyə məcbur olub. Bu mövqe isə ilk növbədə iki qardaş dövlət arasında münasibətlərdə qarşılıqlı inam və etimad mühitini qorumaq, onların fərqli müstəvi üzərinə keçməsinə yol verməmək istəyindən irəli gəlir. Bu mövqe Türkiyədə hakim ittifaqın əsasını təşkil edən MHP tərəfindən də, anlayışla qarşılanır. Azərbaycanda "hicab məsələsinə" münasibətdə Türkiyədə hakim ittifaqı təşkil edən partiyaların mövqeyində müəyyən fərqlər olsa da, bu fərqlərin ittifaqın daxilində çat yaradacağı Türkiyənin strateji maraqları baxımından mümkün deyil. Yeni Osmanlı və Turançılıq layihələrinə fərqli mövqe və baxışlar olsa da, Türkiyənin Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada və Qafqazlarda olan geosiyasi maraqları konteksində ortaq maraqları da var. Bu amillər hakim ittifaqı sarsıda biləcək addımların atılmasından çəkindirəcək”.
Vidadi ORDAHALLI