Məhəmməd Əsədullazadə: “Ermənistan hökuməti praktik olaraq öz siyasətini daha çox Aİ ilə uzlaşdıracaq”
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə ölkənin qaz idxalına çəkdiyi illik xərclər 69% artaraq 657,5 milyon dollara çata bilər.
Bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin hazırladığı Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinin hökumət başçılarının iştirakı ilə fəaliyyət göstərən qurumun məruzəsində bildirilib.
Məruzədə o da bildirilib ki, Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər. Sənəddə, həmçinin qeyd olunub ki, beynəlxalq hüquqa uyğun olaraq, İttifaqa üzv ölkələr İrəvanın addımlarından irəli gələn riskləri nəzərə alaraq Ermənistanın təşkilatda iştirakını müvəqqəti dayandırmaq imkanını nəzərdən keçirə bilərlər.
Görünən odur ki, Rusiya bütün vasitələrlə Ermənistanı Qərbə doğru getməkdən çəkindirməyə çalışır, nəticələrin ağır olacağı ilə hədələyir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın hazırda həyata keçirdiyi siyasət Rusiyadan uzaqlaşmaq üzəridə qurulub və bu müstəvidə iş gedir: “Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib. Sənəd vətəndaş təşəbbüsü əsasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Baş nazir Nikol Paşinyan ölkənin hələ tam Aİ üzvü olmağa hazır olmadığını, lakin bu prosesin mümkün variantlardan biri olduğunu bildirib. Düzdür, hazırda Ermənistan Avrasiya İqtisadi İttifaqında çıxmaq fikrində deyil, amma yaxın gələcəkdə bu, istisna deyil. Ermənistan indi buna hazır olmadığı üçün Aİİ-dən çıxmaqla bağlı radikal addımlar atmır. Belə bir vəziyyətdə Rusiya üzv ölkələrlə birlikdə Ermənistana təzyiq göstərir, İrəvanı Avroittifaq yolundan çəkindirməyə çalışır. Lakin hesab edirəm ki, Ermənistan hökumətinin prioriteti var. Bu da Rusiyanın orbitindən uzaqlaşmaqdır. Aİ artıq Ermənistan məhsullarının satışı üçün şərait yaradıb. Bundan başqa Ermənistan növbəti mərhələdə Rusiyadan qaz asılılığını azaltmaq üçün növbəti addımlar atacaq. Rusiya əlindəki təsir rıçaqlarından istifadə edərək çalışır ki, Ermənistanı təsir dairəsində saxlasın. Ancaq bunun nə qədər səmərə verəcəyi sual altındadır. Üstəlik, Rusiyanın atacağı addımlar Ermənistanda isteriya ilə qarşılanır. Ona görə də Ermənistan hökuməti praktik olaraq öz siyasətini daha çox Aİ ilə uzlaşdıracaq”.
Vidadi ORDAHALLI