Bəhruz Quliyev: “Bu dövlətlərin Avropasız birbaşa dialoqu beynəlxalq gərginliyin azaldılmasına xidmət edə bilər”
Rusiya, ABŞ və Çin üçtərəfli görüşün keçirilməsinin hipotetik mümkünlüyünü qəbul edir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, görüşün özü və ya onun potensial gündəliyi barədə hələ ki, dəqiq bir anlayış yoxdur, lakin hər üç tərəf onun hipotetik mümkünlüyünü qəbul edir. D.Peskov bundan əvvəl də bildirib ki, Rusiya və ABŞ prezidentləri Çin Sədrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. O qeyd edib ki, belə bir imkan daha əvvəl də nəzərdən keçirilib və aktual olaraq qalır.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə üç ölkə lideri arasında üçtərəfli görüş üzrə praktik işlərin hələ başlamadığını, lakin hər üç liderin bu ideyadan xəbərdar olduğunu bildirib.
Maraqlıdır, bütün bunları yeni dünya düzənini bu 3 liderin Avropasız müəyyənləşdirmək cəhdi hesab etmək olar?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü müasir beynəlxalq münasibətlər sistemində ciddi geosiyasi mesaj ola bilər: “Hələlik bu görüşün konkret gündəliyi və keçirilmə mexanizmi bəlli olmasa da, ideyanın gündəmə gətirilməsi dünyanın üç əsas güc mərkəzinin münasibətləri və qlobal proseslərə təsir imkanları baxımından diqqətəlayiqdir. Burada əsas məsələ təkcə üç liderin görüşməsi deyil, dünya siyasətinin gələcəyinin hansı formatda və kimlərin iştirakı ilə müəyyənləşdiriləcəyidir. ABŞ, Rusiya və Çin qlobal təhlükəsizlikdən tutmuş iqtisadiyyata, enerji bazarlarından hərbi-siyasi balanslara qədər dünyanın gələcəyinə təsir göstərən əsas güclərdir. Bu dövlətlərin Avropasız birbaşa dialoqu beynəlxalq gərginliyin azaldılmasına xidmət edə bilər. Ancaq eyni zamanda belə bir format böyük dövlətlərin dünya siyasətində əsas qərarverici tərəflərə çevrilmək niyyətinin göstəricisi kimi də dəyərləndirilə bilər. Avropanın bu mümkün formatdan kənarda qalması məsələsi isə xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa İttifaqı iqtisadi və siyasi baxımdan mühüm güc mərkəzi olsa da, təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığı, Rusiya ilə qarşıdurması və Çinlə mürəkkəb münasibətləri onun qlobal proseslərdə vahid mövqedən çıxış etmək imkanlarını məhdudlaşdırır”.
Politoloqun fikrincə, indidən bu görüşü Avropanı tamamilə kənarda qoymaq və ya yeni dünya düzənini onun iştirakı olmadan müəyyənləşdirmək planı kimi təqdim etmək tezdir: “Bunun üçün konkret siyasi razılaşmalar və qərarlar olmalıdır. Eyni zamanda, ABŞ, Rusiya və Çinin maraqları da bir-birindən ciddi şəkildə fərqlənir. Onların eyni masa arxasında əyləşməsi vahid strategiyaya malik olduqları demək deyil. Hesab edirəm ki, burada daha mühüm məqam beynəlxalq münasibətlərdə güc mərkəzlərinin yenidən konfiqurasiya olunmasıdır. Dünya artıq təkqütblü idarəçilik modelindən uzaqlaşır, böyük dövlətlər arasında rəqabət isə yeni siyasi formatların yaranmasını zəruri edir.
Düşünürəm ki, Rusiya, ABŞ və Çin arasında mümkün üçtərəfli görüşü yeni dünya düzəninin formalaşması istiqamətində potensial siyasi addım olar. Ancaq bu "üçbucaqlı dünya gücü"nün Avropasız qurulub-qurulmayacağını görüşün özündən daha çox, onun nəticələri, qəbul ediləcək qərarlar və beynəlxalq münasibətlərdə yaradacağı yeni siyasi reallıqlar müəyyən edəcək”.
Vidadi ORDAHALLI