Şəmsəddin Əliyev: “Miqrantların qaçaqmalçılığı zamanı insan alveri qurbanlarına çevirilənlərin sayı artmaqda davam edir”
Cenevrə mərkəzli Qlobal Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşəbbüsünün (GI-TOC) hazırladığı 2025-ci il Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksində Türkiyə 193 ölkə arasında 7.20 cinayətkarlıq balı ilə 10-cu yerdə qərarlaşıb. Analitiklər və beynəlxalq tədqiqat mərkəzləri bu vəziyyəti Türkiyənin Əfqanıstan-Avropa heroin dəhlizi ilə yanaşı, Latın Amerikasından Avropaya uzanan kokain və sintetik narkotik tranzit xəttinin mərkəzində yerləşməsi ilə izah edirlər.
AKP hakimiyyəti milli-mənəvi dəyərlərdən və İslam təəssübkeşliyindən danışan Türkiyə daha bir dəhşətli fakta görə dünya ölkələri arasında liderdir.
AKP iqtidarı milli dəyərlərdən danışır, Azərbaycanın daxilinə müdaxilə edir, amma Türkiyəni kriminal bir yerə çeviriblər.
Müstəqil ekspertlər bu göstəricini AKP iqtidarının qeyri-leqal miqrasiya, çirkli pulların yuyulması əleyhinə zəif qanunlar və vətəndaşlıq satışı siyasəti ilə əlaqələndirirlər. Digər tərəfdən, Türkiyə Daxili İşlər Nazirliyi və Dezinformasiya ilə Mübarizə Mərkəzi bu hesabatın elmi əsası olmadığını, ölkəyə qarşı qərəzli və siyasi xarakter daşıdığını idarə edərək ittihamları rədd edir.
Türkiyə dünya üzrə mütəşəkkil cinayətkarlığın ən yüksək olduğu 10-cu ölkədir. Türkiyə mütəşəkkil cinayətkarlıq səviyyəsinə görə Avropada 1-ci, Asiyada isə 3-cü yerdədir.
Ölkənin cinayətkarlığa qarşı müqavimət və institusional dözümlülük balı (3.96) qlobal ortalamadan aşağı olub, 193 ölkə arasında 131-ci yerə düşüb.
Müxalif dairələrin və hesabat müəlliflərinin qeyd etdiyi əsas problemlər bunlardır:
Narkotik vasitələrin (xüsusilə kokain və heroin) tranziti, insan qaçaqmalçılığı və qanunsuz silah ticarəti üzrə regional qova qovuşması.
Mafiya tipli qruplaşmaların və bəzi dövlət strukturları ilə əlaqəli şəxslərin cinayət şəbəkələrində rol oynaması.
Yüksək inflyasiya və iqtisadi qeyri-sabitliyin saxta məhsul ticarəti və kibercinayətləri artırması.
Hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, bu olduqca həssas məsələdir: “Türkiyə həm əhalisinin sayına, həm hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıq imkanlarına görə dünyada mühüm dövlətlərdən biri sayılır. 86 milyondan bir az çox əhalisi var. Türkiyə xüsusilə Avropa ilə Asiya arasında təhlükəsizlik əlaqələrini təmin edən strateji tərəfdaş ölkədir. NATO-nun üzvüdür. Deyərdim ki, bu əhalinin sayına görə, dünya əhalisinin sıralamasında 18-ci yeri tutur. Əhalinin sayına görə Avropada ən böyük dövlətlərdən biridir. Türkiyə 1956-cı ildən İnterpolun üzvüdür və milli İnterpol bürosu Ankarada yerləşir. Yəni Beynəlxalq Cinayət Polisi və bu büro vasitəsilə digər dövlətlərlə əlaqəsi çox sıxdır. Beynəlxalq axtarışda olanların müəyyən edilməsi, transmilli mütəşəkkil cinayətkarlarla mübarizə, narkotik vasitələrin qanunsuz dövrəsi, terrorçuluqla mübarizə, cinayətkarlıq haqqda operativ məlumat mübadiləsi istiqamətində əməkdaşlığı çox normal səviyyədə həyata keçirə bilir. Türkiyənin coğrafi mövqeyi, şəraiti narkotik vasitələrin qanunsuz dövrəsi üçün xüsusi məsuliyyət yükləyir. Bu ərazi istiqaməti beynəlxalq praktikada “Balkan marşrutu” da adlanır. Bu səbəbdən Türkiyənin sərhəd nəzarəti Avropa təhlükəsizlik baxımından əhəmiyyətlidir. Çox ehtimal ki, bu da narkotik vasitələrin qanunsuz dövrəsi üçün bir az sərbəst zəmin, şərait yarada bilər. Amma insan alveri cinayətlər ilə bağlı qurbanların sayına görə burda məsələ daha ciddidir. Türkiyə Asiya, Yaxın Şərq və Avropa arasında yerləşdiyinə görə miqrant qaçaqmalçılığı üçün mühüm mövqeyə malikdir. Burada şərait var. Məsələn, miqrantların qaçaqmalçılığı zamanı insan alveri qurbanlarına çevirilənlərin sayı artmaqda davam edir. Bu cinayətlər, narkotik vasitələrin qanunsuz dövrəsi, terrorçuluq cinayətləri, insan alveri transmilli mütəşəkkil cinayətkarlığın xüsusi ağır növlərindən biridir. BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi Türkiyəni regional əməkdaşlığın əsas tərəfdaşlarından biri kimi qəbul edirlər. Transmilli mütəşəkkil cinayətkarlığa, qaçaqmalçılıq şəbəkələrinə qarşı mübarizə ilə bağlı qlobal mütəşəkkil cinayətkarlıq indeksinə görə Türkiyə 10-cu yerdə olsa da, Avropa ölkələrini bu sahədə üstələyir. Amma düşünürəm ki, Türkiyənin Avropa ölkələri, Yaxın Şərqlə təmasda olması transmilli mütəşəkkil cinayətkarlığın inkişafı üçün gemiş şəkildə zəmin yaradır”. Ş.Əliyevin fikrincə, buna görə, Türkiyəni qınaya çəkməyin, tənqid etməyin yeri yoxdur, çünki narkotik vasitələrin qanunsuz dövrəsi ilə bağlı zamanında Çin İngiltərə arasında opium müharibəsi altı il davam etdi. “ Yəni beynəlxalq bazar elə Avropanın əlindədir. Ona görə mübarizənin də strateji əhəmiyyət kəsb etməsi üçün bazarın bağlanması çox vacib şərtlərdən biridir. Bazar da Avropanın əlindədir. Ona görə burada sırf müəyyən transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücdəndirilməsi sahəsində təkcə Türkiyəni qınamaq düzgün deyil. BMT-nin narkotik vasitələri və cinayətkarlıq idarəsinə qoşulan, bu idarənin götürdüyü öhdəlikləri həyata keçirməyə borclu olan ölkələrin əksəriyyəti mübarizəni dekarasiya xarakterində həyata keçirirlər. Amma Türkiyə və Azərbaycan buna bir az fərqli yanaşır. Biz beynəlxalq hüququn prinsiplərində mühüm olan insan hüquq və azadlıqlarının qorunması, mühafizəsinin təmin edilməsi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə çox vicdanla yanaşırıq. Ona görə bu sahədə bəzən bir az fəal olan islam ölkələrinə qısqanclıqla yanaşan BMT-yə üzv ölkələr də var. Bu baxımdan, Türkiyə müəyyən mənada yuxarıda ola bilər...”-deyə Ş.Əliyev qeyd etdi.
İradə SARIYEVA