Elşad Həsənov: “Trampın təcavüzkar ölkəyə dəstək olması ona baha başa gələcək”
ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qreymin Rusiya əleyhinə hazırladığı kəskin "cəhənnəm sanksiyaları" paketinin tətbiqini 60 gün müddətinə dayandırıb. Ancaq Trampın qərarı həm Demokrat, həm də Respublikaçı konqresmenlərin kəskin etirazına səbəb olub. Senatın azlıq lideri Çak Şumer qərarın "Rusiya iqtisadiyyatına təkan verəcəyindən" məyus olduğunu bildirib.
Trampın qərarı Konqresin respublikaçı üzvləri tərəfindən də tənqid olunub. Konqresmen Frenç Hill bildirib: "Birləşmiş Ştatlara Rusiyaya iqtisadi təzyiqi azaltmaq yox, artırmaq lazımdır. Biz Qrem Aktı çərçivəsində sanksiyaların tam tətbiqi də daxil olmaqla, əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik". Respublikaçı senatorlar Tom Tillis, Con Kornin və Darlin Qrem də Trampın qərarını açıq tənqid ediblər.
Tramp Ptinə əməllicə dəstək verir. Bunun noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərə təsiri necə olacaq?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, Tramp hakimiyyətə gələndən Putinin çaldığı havaya oynayır: “Baxmayaraq ki, ABŞ Rusiyaya qarşı Avropa İttifaqının qəbul etdiyi müəyyən sanksiyalara qoşulub. Xüsusilə mərhum senator Lindsi Qreymin Rusiya əleyhinə hazırladığı "cəhənnəm sanksiyaları" paketi qəbul da edildi. İndi isə, Tramp sözügedən sanksiyaların tətbiqini 60 gün müddətinə təxirə saldı. Bu da Birləşmiş Ştatlar cəmiyyətində ciddi narazılıqlara səbəb olub. Burada diqqəti çəkən məqam odur ki, Trampın "cəhənnəm sanksiyaları" paketini 60 gün təxirə salması təkcə müxalif Demokratlar Partiyasının narazılığına səbəb olmayıb. Həmdə hakim respublikaçılar daxilində də narazılığa səbəb olub. Hesab edirəm ki, hakim partiya daxilində bu məsələ ilə bağlı fikir ayrılıqlarının baş verməsi ciddi hadisədir. Digər tərəfdən, Demokratlar Partiyası yeni qanun layihəsi hazırlayır ki, Trampı bu məsələdən uzaqlaşdırsınlar. Konqresdəki respublikaçıların müəyyən hissəsi buna dəstək verir. Həm də Trampın apardığı yarımaz siyasət nəticəsində onun reytinqi 33 faizə düşüb. ABŞ-ın bir sıra ştatlarında Trampa qarşı etiraz nümayişləri keçirilib. Bütün bunların Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində baş verdiyini nəzərə alsaq bunun seçkidə Respublikaçılar Partiyası üçün nəticəsi çox mənfi olacaq. Respublikaçılar hətta ənənəvi qalib gəldikləri ştatlarda belə, uğursuzluğa düçar olacaqlar. Bir sözlə, Trampın təcavüzkar ölkəyə dəstək olması ona baha başa gələcək”.
Vidadi ORDAHALLI