Türkiyədə adı ciddi korrupsiya əməllərində hallanan hakim AKP-nin bir çox üzvlərin barəsində heç bir tədbir görülməməsi ölkədə böyük səs-küyə səbəb olub. Onların məsuliyyətə cəlb edilməməsi belə təəssüratlar yaradır ki, sanki bu şəxslərin xüsusi toxunulmazlıqları var. Şübhəli işlərdə iştirak edən bir çox nazir və bələdiyyə sədri var ki, onlardan heç biri cəzalandırılmayıb, onların açıq şəkildə himayə edildiyi görünür.
Misal üçün, sözügedən AKP üzvləri arasında ən mübahisəli şəxs Ankara Böyükşəhər Bələdiyyəsinin meri Melih Gökçekdir. “Sözçü” qəzeti yazır ki, Gökçekə qarşı bələdiyyə tenderlərindən və Ankapark layihəsindən tutmuş xaricə pul köçürmə iddialarına qədər çoxsaylı şikayət və araşdırmalar aparılıb, lakin bu araşdırmaların hamısı heç bir tədbir görülmədən bağlanıb. Ən son olaraq Gökçek Almaniyada çirkli pulların yuyulması iddiaları ilə bağlı ifadə verib, lakin onun işi ilə bağlı bu günədək heç bir qərar verilməyib.
Keçmiş ticarət naziri Ruhsar Pekcanın da vəzifədə olduğu müddətdə bizneslə məşğul olduğu ortaya çıxıb və onun nazirlik üçün ailə şirkətindən dezinfeksiyaedici vasitə aldığı məlum olubl. 2021-ci ildə müxalifət istintaqın aparılmasını və Pekcanın Ali Məhkəmədə mühakimə olunmasını tələb edib, lakin hakimiyyət Pekcanı yalnız vəzifəsindən uzaqlaşdırmaqla kifayətlənib.
Pekcandan bir il sonra Ərzurumdan olan AKP millət vəkili Zehra Taşkesenlioğlu və onun qardaşı, keçmiş SPK (Kapital Bazarları Şurası) sədri Əli Fuat Taşkesenlioğlu barəsində rüşvət iddiaları ortaya atılıb. Müxalifət onların barəsində cinayət işi qaldırılması üçün şikayət ərizəsi verib, lakin heç bir cinayət işi başlanmayıb.
Sentyabr ayında fond qalmaqalı başlayanda AKP üzvü Fatma Betül Sayan Kaya və əri İlyas Kayanın beş ayda 2,2 milyard lirə qazandıqları məlum olub. Ortada ciddi ittihamlara baxmayaraq AKP iqtidarı onun da əməllərini görməzdən gəlib. Uzun müddət ifadəsi belə alınmayan AKP sədrinin müavini Kaya vəzifəsindən azad edilib, maraqlıdır ki, istefa qərarı da onun öz istəyi ilə verilib. Bir müddət sonra ifadə verdikdən Kaya üçün ən ağır cəza isə onun WhatsApp qruplarından çıxarılması olub.
Fond qalmaqalında ən çox adı keçən ikinci şəxs AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı idi. Əvvəlcə istintaq çərçivəsində Yazıcının aktivlərinin dondurulmasına qərar verilib, lakin saatlar sonra bu qərar ləğv edilib.
Tahir TAĞIYEV