Polad Mehdi: “Prezident İlham Əliyevin çağırışı beynəlxalq səviyyədə ciddi müzakirə olunmalıdır”
“BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”. Bu fikiri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışı zamanı səsləndirib.
BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrası üçün mexanizmlər hazırlana bilərmi? Ümumiyyətlə bu necə olmalıdır? Azərbaycan Prezidenti dəfələrlə BMT Təhlükəsizlik Şurası ilə bağlı bəyanatlar səsləndirib. Buna reaksiya necə olmalıdır?
Politoloq Polad Mehdi baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq hüququn ən ciddi problemlərindən birinə – qəbul edilən qərar və qətnamələrin icrasının təmin olunmamasına xüsusi diqqət çəkir. “Əslində, BMT Nizamnaməsində bunun üçün hüquqi mexanizmlər mövcuddur. Təhlükəsizlik Şurası sanksiyalar tətbiq edə, iqtisadi məhdudiyyətlər müəyyənləşdirə və zəruri hallarda hərbi tədbirlərə icazə verə bilər. Lakin əsas problem bu mexanizmlərin siyasi maraqlar səbəbindən ardıcıl və effektiv tətbiq edilməməsidir”.
P.Mehdi qeyd etdi ki, Azərbaycan bu problemin nəticələrini bilavasitə yaşamış dövlətdir. “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələbləri uzun illər yerinə yetirilmədi. Zənnimcə Prezident İlham Əliyevin çağırışı beynəlxalq səviyyədə ciddi müzakirə olunmalıdır. İlk növbədə, qətnamələrin icrasına nəzarət gücləndirilməli, qərarları yerinə yetirməyən dövlətlərə qarşı təsir mexanizmləri təkmilləşdirilməli və veto hüququ ilə bağlı islahatlar aparılmalıdır.
Beynəlxalq hüququn gücü qəbul edilən qərarların sayında deyil, onların icrasındadır. Əgər beynəlxalq təşkilatların qərarları kağız üzərində qalırsa, bu, həmin təşkilatlara inamı zəiflədir və yeni münaqişələrin yaranması riskini artırır”-deyə P.Mehdi vurğuladı.
İradə SARIYEVA