ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına yenidən hücum etməsini "rüsvayçılıq" adlandıraraq, bu cür hücumların qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb olduğunu iddia edib.
Tramp Ukrayna prezidenti Zelenskini Rusiya prezidenti Putindən daha çətin danışıqlar tərəfdaşı hesab etdiyini bildirib.
"Zelenski bizim işləməli olduğumuz adam deyil. O, razılaşmaq istəmir. Deyir ki, razılaşmaq istəyir, amma etmir" – deyə Tramp əlavə edib.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Ukrayna dronları cümə axşamı günü Moskvadan təxminən 290 kilometr cənub-şərqdə, Ryazan bölgəsindəki neft emalı zavoduna hücum edib. Ryazan bölgəsindəki neft emalı zavoduna hücum, Trampın bazar günü Moskva ilə Kiyevin enerji atəşkəsi barədə razılığa gəldiyini elan etməsindən bəri Rusiyanın enerji obyektinə edilən ilk hücumdur. Bu, Zelenskinin Trampın enerji infrastrukturuna qarşı atəşkəs elan etməsinə baxmayaraq, Moskvanı Ukraynanın enerji obyektlərinə zərbələr endirməyə davam etməkdə günahlandırmasından sonra baş verib.
Yeni hücumları şərh edən Tramp, onların qlobal enerji qiymətlərini artırdığını iddia edib. Onun sözlərinə görə, Zelenski yenidən neft emalı zavodlarına hücum etməklə yalnız qlobal neft qiymətlərinin daha yüksək olmasına nail olmağa çalışır.
"Düşünürəm ki, bu, rüsvayçılıqdır. Başqa hədəflər çoxdur... Vurula biləcək başqa yerlər də çoxdur", - deyən Tramp daha sonra bildirib:: "Amma bizim və dünyanın ehtiyac duyduğu dizel yanacağı istehsal edən neft emalı zavodlarına hücum etdikdə, dünya üçün yaxşılıq etmirsiniz".
Tahir TAĞIYEV