Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Sammitinin uğurla başa çatması bütün Asiyada regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafı baxımından mühüm mərhələdir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Sammitin əsas nəticələri Bakı Bəyannaməsinin və Əməyin mühafizəsi və sağlamlığına dair Bəyanatın qəbul edilməsi, eləcə də Laosa AQEM-də tamhüquqlu üzvlük statusunun verilməsi olub.
Bundan əlavə, Azərbaycanın təşkilata sədrliyi ölkənin səmərəli rəhbərliyinin tanınması əlaməti olaraq 2026–2028-ci illər üçün uzadılıb”, — deyə məlumatda qeyd olunub.
XİN-dən bildirilib ki, Azərbaycanın səfiri Sultan Hacıyev 2026–2030-cu illər üçün AQEM-in baş katibi təyin edilib.
“Digər mühüm nəticə Kambocanın AQEM Katibliyinin imtiyaz və immunitetləri haqqında Konvensiyanı ratifikasiya etməsi olub. Bununla da Konvensiyanın qüvvəyə minməsi prosesi başa çatıb.
Sammitin yekunlarına əsasən, çoxtərəflilik, qarşılıqlı əlaqəliliyin gücləndirilməsi, Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi prinsiplərinə sadiqlik də bir daha təsdiqlənib”, — deyə nazirlikdən bildirilib.
XİN vurğulayıb ki, Azərbaycan daha dinc və firavan Asiyanın qurulması naminə AQEM-in dialoq, etimadın möhkəmləndirilməsi və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə bundan sonra da töhfə verəcək.