Elşad Həsənov: “İranın radikal islamçı təbliğatının Gürcüstanda qarşısı vaxtında alınmasa bu gələcəkdə Gürcüstan və Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionu üçün ciddi təhlükə yaradacaq”
Gürcüstanın üçüncü prezidenti Mixael Saakaşvili rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımla Azərbaycanın dövlət məktəblərində vahid geyim formasının tətbiqi qərarını açıq şəkildə dəstəkləyib və bunu yüksək qiymətləndirib. Saakaşvili həmçinin paylaşımında İranı Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını həyata keçirməkdə günahlandırıb və bunun Gürcüstanın dövlətçiliyinə təhlükə yaratdığını deyib. “Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər”.
Qeyd edək ki, İranın Gürcüstan azərbaycanlılarını radikal islamçılığa və özünün ideoloji-siyasi xəttinə cəlb etmək cəhdləri son illərdə həm rəsmi Tbilisinin, həm də Bakının ciddi təhlükəsizlik və ekzistensial narahatlığına səbəb olan mühüm mövzulardandır. Azərbaycan daxilində radikal şiə qruplarının fəaliyyətinin məhdudlaşdırılmasından sonra, Tehran özünün dini-ideoloji ekspansiyasını azərbaycanlıların sıx yaşadığı Gürcüstanın Borçalı (Kvemo Kartli) regionuna, xüsusilə də Marneuli şəhərinə yönəldib.
İran bölgədə müxtəlif dini fondlar, xeyriyyə cəmiyyətləri və qeyri-hökumət təşkilatları pərdəsi altında məscidlərin, dini mərkəzlərin tikintisini və fəaliyyətini maliyyələşdirir.
Yerli gənclər İrana (əsasən Qum şəhərinə) pulsuz dini təhsil proqramları vasitəsilə cəlb olunur. Bu gənclərin bir qismi sonradan Gürcüstana radikal və mövhumatçı ideologiyanın daşıyıcısı və İran rejiminə sadiq dini vaizlər kimi qayıdırlar.
Tarixən Gürcüstandakı azərbaycanlı icması arasında sünni-şiə dözümlülüyü yüksək olsa da, İran vaizlərinin təsiri ilə süni şəkildə məzhəb qarşıdurması və bölücülük toxumu səpilir.
Son illərdə Marneuli küçələrində İran üslubunda radikal dini atributların, geyimlərin (hicabın bu növünün) yayılması və kütləvi dini ayinlərdə radikal şüarların səsləndirilməsi müşahidə olunur.
Borçalıdakı İranmeyilli radikal qrupların fəaliyyətlərində dünyəvi Azərbaycan dövlətçiliyinə, onun qanunlarına qarşı yönəlmiş çağırışlar və rəsmi Bakının daxili siyasətinə qarşı narazılıq yaratmaq meylləri aşkar olunub.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və digər yerli analitiklər qeyd edirlər ki, Azərbaycana birbaşa təsir edə bilməyən İran, Gürcüstandakı azərbaycanlıları radikallaşdırmaqla həm də Tbilisinin dövlətçilik və təhlükəsizlik maraqlarına ciddi və ölümcül zərbə vurmağa çalışır.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (SUS) Kvemo Kartlidə İranın genişlənən şəbəkələrini və burada fəaliyyət göstərən minlərlə İran investisiyalı şirkətin (bəzilərinin sanksiyalardan yayınmaq və kəşfiyyat məqsədilə qurulduğu iddia edilir) fəaliyyətini ciddi şəkildə araşdırır. Eyni zamanda, rəsmi Bakı da soydaşlarımızın bu cür destruktiv dini təsirlərdən qorunması məqsədilə Gürcüstanın müvafiq qurumları və yerli ziyalılarla işi gücləndirməyi mühüm milli təhlükəsizlik məsələsi kimi dəyərləndirir.
Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, Azərbaycanda vahid məktəb formasının həyata keçirilməsi çox mühüm bir məsələdir və bu bizim gənclərin gələcəkdə həyatında mühüm rol oynayacaq. “Çünki son illər fars molla rejiminin təbliğatı hələlik Azərbaycanda nisbətən azalsa da, Gürcüstanda yaşayan soydaşlarımızın, bəzi yurddaşlarımızın arasında geniş vüsvət alıb, orada orta təhsil məktəblərinin sayı azalıb, əksinə məscidlərinin sayı çoxalıb.
İranın fars-molla rejiminin nümayənlərinin ayağı Azərbaycandan kəsləndən sonra onlar Gürcüstanda fəallaşmağa başladılar. Yəni biz onların təmsilçilərini buradan çıxardıq, onlar mədəniyyət mərkəzlərini bağlandıq. Bundan sonra onlar Gürcistana yaşayan azərbaycanlıları radikallaşdırmağa başladılar. Demək olar ki, orada bir rayonlarda, xüsusilə əsas böyük rayon olan Marneulidə, kəndlərin hər birindən gəncləri seçib İrana-Quma göndərdilər. Orada onlara təhsil verirlər. Bilirik ki, Qumda təhsil almaqla yanaşı həm də onlar arasında dini radikallaşma aparırlar, necə deyərlər, onların beyinlərini yuyurlar, ideoloji cəhətdən onları islam uğrunda cihada hazırlayırlar. Sonra da onları gətirib islam fondunun yardımı ilə kəndlərdə tikilən məscidlərdə işə qoyurlar.
Onlar da kənd camaatı arasında İranın fars- molla rejiminin təbliğatını alırlar. Bütün bunlar da son dövrlər əyanı olaraq görünür. Gürcüstanda radikallaşdırılmış İranpərəs islamçılar Tbilsidə parlament qarşısında aksiyalar keçirdilər, İsrail sionizmini, ABŞ təcavüzünü pislərdilər. Son 10-12 ildə də biz görürük ki, Marneulinin mərkəzində “şaxsey-vaxsey” hərakatı gedir və təəssüflər olsun ki, onların sırasında orada yaşayan bəzi ziyalılarımız və parlament üzvləri də görünürlər. Bu isə doğrudan da acınacaqlı bir mənzərədir”.
E.Həsənov qeyd etdi ki, dünya süni intellektlə idarə olmağa gedir, radikallar isə orta əsrlərə qaydır və gənclərimizi radikal ehkamlar əsasında “tərbiyə etməyə” çalışırlar.
E.Həsənovun fikrincə, bu isə həm Gürcüstan, həm də Azərbaycan üçün problem yaradan məsələlərdəndir. “Bir müddət əvvəl Azərbaycanda terrork aktı törətməyə cəhd edən Aslanov soyadlı şəxs, gürcüstanlı soydaşımız İranda təhsil almış həmin radikal islamçılardan biridir. Digər bir Gürcüstan vətəndaşı da İranın fars-molla rejimini tənqid edən iranlı jurnalisti öldürməyə cəhd göstərərkən ABŞ-da FBR tərəfindən həbs olunub. Sadaladığım hər iki fakt Gürcüstanda yaşayan soydaşlarımızın bəzilərinin İran fars-molla rejiminin hansı qoluna xidmət etdiklərini göstərir.
İranın radikal islamçı təbliğatının Gürcüstanda qarşısı vaxtında alınmasa bu gələcəkdə Gürcüstan və Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionu üçün ciddi təhlükə yaradacaq”.
E.Həsənov qeyd etdi ki, Azərbaycan hökumətinin Gürcüstanla bərabər atdığı müəyyən addımlardan son dövrlər bu məsələlər nisbətən öləziyib. E.Həsənovun sözlərinə görə, Gürcüstanda İran təsirinə qarşı gənclər arasında təbliğat-təşviqat işləri aparılır, bu meyllərin qarşısının alınması üçün müəyyən işlər görülür.
“Bütün bunlara baxmayaraq, görünən odur ki, bu məsələlər Gürcüstanda çox təhlükəli vəziyyət alıb. Gürcüstanın kəndlərində qadınların başlarını bağlaması, İransayğı geyinmələri tələb olunur. Halbuki, həm Azərbaycan, həm də Gürcüstan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Hər iki ölkədə geyim tərzi sərbəstdir, bu yöndə təzyiq yoxdur.
Ancaq İranın hər iki ölkədə məktəblərdə, müəssisələrdə qadınların, qızların başına hicab bağlamasını tələb etməsi və ideologiyasını yaymaq cəhdləri qəbul edilməzdir.
Hesab edirəm ki, İranın radikal qüvvələrinin mövcudluğu həm Gürcüstan, həm də Azərbaycan üçün müəyyən təhdidlər yaradır. Bu təhdidlər gələcəyimizə yönəlib.
Bu kimi təsirlərin qarşısını elmlə, təhsillə almaq olar. Amma çox təəssüf Gürcüstan hakimiyyətindəki bəzi qüvvələr Gürcüstanda yaşayan soydaşlarımız arasında İran radikalizminin və narkotikin yayılmasında maraqlı görünürlər. Bu da əlbəttə ki, Gürcüstana və Azərbaycana ziyan gətirən amillərdir. Bunun qarşısını yalnız və yalnız maariflənmə ilə, təhsillə, gənclərimizin apardığı müəyyən təbliğat işləri almaq mümkündür”.
E.Həsənov qeyd etdi ki, Gürcüstanda kifayət qədər azərbaycanlı ziyalılar var və onlara dəstək vermək lazımdır və bu dəstəyi də Azərbaycanın Gürcüstandakı səfirliyi göstərir. E.Həsənovun fikrincə, Gürcüstan azərbaycanlıları arasında İran təsirinin genişləməsinin qarşısının alınmasında soydaşlarımız olan ziyalılar da öz əllərindən gələni etməlidirlər.
İradə SARIYEVA