Arzuxan Əlizadə: “Onun Azərbaycanla bağlı mövqe ortaya qoyması ümumi işin xeyrinə olacaq”
Başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir. Bunu Millətçi Hərəkat Partiyasının (MHP) sədri, millət vəkili Dövlət Baxçalı mətbuata yazılı açıqlamasında deyib.
Baxçalı qeyd edib ki, Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir: “İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır”.
Nəzərə alsaq ki, MHP mövcud iqtidarın hakimiyyət ortağıdır o baxımdan Baxçalının bu açıqlaması AKP-də Azərbaycana qarşı mənfi çağırışları dayandıra biləcəkmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a açıqlamasında prinsipcə bunu istisna etmədi: “Əvvəla, bu kimi məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Azərbaycan hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verib. Bu ölkənin daxili işinə müdaxilə etməyib. İki ölkə arasında belə hallar ən çox düşmənlərimizin işinə yarayır. Son günlər Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrin Türkiyə mediasının bəzi platformalarına daşınması, məsələnin siyasi və ideoloji müstəvidə qiymətləndirilməsi iki ölkə münasibətlərinin ruhuna ziddir. Məsələ ondadır ki, belə müzakirələrə yalnız məktəbli forması və hicab məsələsi kimi baxılması problemin daha geniş strateji mahiyyətini diqqətdən kənarda qoya bilər. Çünki burada dövlətlərin suveren hüquqları, milli təhsil siyasəti, dünyəvilik və din azadlığı arasındakı tarazlıq, uşaq hüquqlarının qorunması, medianın məsuliyyəti və informasiya təhlükəsizliyi kimi mühüm məsələlər ön plana çıxır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi bağlarla yanaşı, qarşılıqlı etimada, həmrəyliyə və strateji əməkdaşlığa əsaslanır. Bu baxımdan hesab edirəm ki, Baxçalının məlm açıqlaması mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycana qarşı xoşagəlməz çağırışların qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, Baxçalı hakimiyyətdə mühüm siyasi çəkiyə malikdir. Onunun Azərbaycanla bağlı mövqe ortaya qoyması ümumi işin xeyrinə olacaq”.
Vidadi ORDAHALLI