Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edir. Bu barədə Prezident Volodimir Zelenski “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
"Qadağan qaldırılıb. Artıq kifayətdir", - deyən Zelenski bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələbi ilə enerji sahəsində atəşkəsə razılaşıb və obyektlərə hücumları dayandırıb, lakin Rusiya Ukraynanın enerji obyektlərini hədəf almağa davam edib və nəticədə son bir həftə ərzində 100-dən çox mülki şəxs həlak olub.
O, qeyd edib ki, neft emalı zavoduna zərbələrin dayandırılmasına baxmayaraq, Ukrayna ordusu Rusiya ballistik hücumları ilə bağlı Amerika kəşfiyyat xəbərdarlıqlarından məhrum olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri üçün Amerika Starlink peyk şəbəkəsi yavaşlayıb və bu da cəbhə xəttindəki əməliyyatlara və düşmənin hərbi obyektlərinə qarşı orta mənzilli zərbələrə mane olub. Ukrayna liderinin sözlərinə görə, ABŞ neft emalı zavodlarına zərbələr davam edərsə, kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdıracağı barədə xəbərdarlıq edib, lakin sonradan bunu nasazlıqla əlaqələndirib.
"Bu, texniki problem deyildi, iradə çatışmazlığı idi... Əlbəttə ki, onlar nə etdiklərini yaxşı bilirdilər", - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Rusiya hücumları dayandırmasa belə, Ukrayna ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər alması müqabilində neft emalı zavodlarına zərbə etməkdən çəkinə bilər. Zelenski bunu minimum şərt adlandırıb.
Tahir TAĞIYEV