Çərşənbə axşamı günü axşam Səudiyyə Ərəbistanının Dəhran şəhərində yerləşən “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayışlar baş verib.
“Reuters” mənbələri, binaya ziyan dəydiyini və içəridə yanğın olduğunu bildirirlər. Şirkət bu məlumatı rəsmi olaraq təsdiqləməyib. Altı mənbə “Reuters” agentliyinə Aramco qərargahının yaxınlığında baş verən güclü partlayışlar barədə məlumat verib. Onlardan biri binanın alovlandığını, digər dörd mənbə isə içəridəki insanların təxliyə edilməsi əmrinin verildiyini bildirib.
Vəziyyətdən birbaşa xəbərdar olan mənbə agentliyə qərargahın vurulduğunu bildirib. Sursatın birbaşa binaya dəyib-dəymədiyi, yoxsa zərərin düşən dağıntılar nəticəsində yarandığı məlum deyil.
“Reuters” agentliyinin mənbəyi bildirib ki, “Aramco” işçilərinə çərşənbə günü evdən işləmək tapşırılıb.
Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti paytaxt Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib. Bundan sonra şəhərdə güclü bir gurultu da eşidilib.
Rəsmilər və Saudi “Aramco” hələlik şirkətin qərargahına mümkün hücumun səbəblərini təsdiqləməyib.
Tahir TAĞIYEV