Tural İrfan: “Vaxtilə müxtəlif boşluqlardan istifadə edib burada özlərinə geniş maddi resurslar qurmuş hacılar və digər şəxslər tərəfindən...”
Sosial şəbəkələdə, xüsusən də cəmiyyətdə belə iddialar səsləndirilir ki, Azərbaycanda bəzi imkanlı şəxslər az yaşlı qızların hicab bağlaması üçün onlara aylıq təqaüd verirmiş. Yəni Azərbaycanda hicabı pulla bağlamaq istəyən qüvvələrin olduğuna dair iddialar var. Bu barədə xüsusən də camaat arasında danışılır.
Hətta QHT sədri Rasim Məmmədov şəxsi Facebook hesabında bu barədə yazıb və həmin şəxslərdən birinin adını qeyd edib. “Mənim tanıdıgım Ramil Kərimov var idi.Təşkilatımıza üzv olub bizim sıralarımıza qoşulmuşdu. Çox zəngin və imkanlı bir adam idi. Biz imkansız ailələrə maddi dəstək vermək üçün bir çox müraciət edən ailələrdə olurduq. “Ramil Best Telekom”un rəhbəri ailələrrdə pul müqabilində azyaşlıların baş örtüyü ilə baglı onlara təbligat apardığını hiss etmişdim. Hətta önlara maddi dəstək verirdi, qarşılıgında pul mükafatı verirdi. Ailələrdə hər başını bağlayana ayda 100 AZN ödəniş edirdi...”-deyə R.Məmmədov Facebook sosial şəbəkə hesabında yazıb.
Camaat arasında gəzən bu söz-söhbət nə qədər əsaslı ola bilər? Bu nə qədər əsaslı görsənir ki, hansısa imkanlı şəxslər qızları pul, təqaüd hesabına hicaba cəlb etsin, xüsusən də azyaşlı qızları? Əsasən də aztəminatlı ailələrin qızlarını. Bu söyləntilər gerçək ola bilər?
İlahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, təbii ki, ölkəmizdə İran təsirində olan şəxslərin öz xüsusi qrupları var. “Hətta son dövrlərdə müxtəlif whatsapp qrupları vasitəsilə müxtəlif dini ayinlər keçirmək, ehsan vermək adı altında toplaşırlar və orada özlərinə sosial baza və eyni zamanda bax bu cür maddi büdcələr də formalaşdırırlar.
Gəzən məlumatlara görə, əvvəllər bu məsələlər İranın birbaşa bu cür şəxslərə maliyyə yardımı ilə baş tuturdusa, indi Rusiya və digər üçüncü ölkə vasitəsilə elektron yollarla edilir. Tutaq ki, ehsan vermək, Quran oxutmaq adı altında bunlara müxtəlif vəsaitlər daxil olur və yaxud da ki, bu toplaşmış qruplar öz aralarında bu büdcəni formalaşdırırlar.
Əsasən də vaxtilə müxtəlif boşluqlardan istifadə edib burada özlərinə geniş maddi resurslar qurmuş hacılar və digər şəxslər tərəfindən bu büdcə formalaşdırılır. İran təsiri ilə hicab məsələsini ki, bir siyasi riçaqa, təsir alətinə çeviriblər və bunun da artmasına şərait, zəmin yaradırlar. Mənim əlimdə kiminsə başını bağlatmaq üçün məvacib verilməsinə dair konkret fakt olmasa da, amma mümkündür. Ancaq bu onların bu metodu, onların bu üsulu, xüsusi olaraq özlərinə ayrı bir iqtisadi sistem qurması, sosial baza yaratması ona əsas verir ki, bəli, bir sıra yollarla da bu cür təşviqetmə üsulları ola bilər. Deyək ki, müəyyən boşluqlardan, sosial ehtiyaclardan istifadə edərək bu hallar baş verir”.
T.İrfanın sözlərinə görə, bu hallara pulsuz ziyarətlərə aparmaq, pul verərək müxtəlif dini ayinlərə cəlb etmək kimi məsələlər daxildir. Necə ki, vaxtilə ölkəmizdə “Yehova şahidləri” icması və digərləri də bu cür kimsəsiz, imkansız insanlara yardım etməklə onları özlərinə cəlb edirdilər, bunlar da edirlər. Şübhəsiz ki, deyilən bu məsələlər var. Hətta 44 günlük müharibədən sonra xüsusi olaraq şəhid valideynlərini, şəhid yaxınlarını, bu məsələlərə cəlb etməyə İran daha çox cəhd göstərdi. Çox təəssüf ki, müəyyən mənada da nail oldu. Ona görə ki, əhalinin həssas yeridir. Onların düşüncəsinə görə həmin təbəqə ilə dövlətə qarşı hansısa təsir, təzyiq göstərmək daha asan olur. O cümlədən də təkcə din sahəsində deyil, bütün başqa sahələrdə də öz adamlarını yetişdirmək cəhdləri, bu prosesi hazırda da davam edir. Burada imkanlı şəxslərin olması da istisna deyil. Bu çox təhlükəli bir məsələdir.
Hesab edirəm ki, bununla bağlı bütün sahələrdə islahatlar aparılmalı, hər yer İrançı qüvvələrdən təmizlənməlidir. Camaatın iddia etdiyi bu məsələnin olması mümkündür.
Say artırmaq məqsədilə bəzən süni intellektdən və yaxud da ki, montaj edərək hətta hicablı olmayan insanların da hicablı şəkillərini hazırlayırlayırlar. Məqsəd də aksiyanı genişləndirmək, təsir göstərməkdir. Yəni bu bir növü təxribatdır və İrandan da qaynaqlandığı açıq-aşkardır.
Azərbaycanda dini inancların yaşanmasına və yaxud da ki, dini ayinlərin icra olunmasına heç bir məhdudiyyət yoxdur. Əksinə bir çox müsəlman ölkələrindən fərqli olaraq azadlıqlar daha çoxdur.
Həmçinin İranın özündən fərqli olaraq Azərbaycanda tolerantlıq daha güclüdür. Çünki İranda bir çox dinlərin hətta icmalarını qeydiyyatdan keçirməyiblər. 200 ilə yaxın tarixi olan Bəhai icması orada heç rəsmi tanınmır da. Yaxud da İranda insanları dinə o qədər nifrət etdiriblər, din adı ilə o qədər cinayətlər törədiblər ki, qadınlar orada hicablarını açıb yandırır. İranın başqa yerlərdəki proksi qüvvələri artıq sıradan çıxmaq üzrədir, xüsusən də Yəməndə. Hazırda ona görə də İran Borçalıda, Türkiyədə və Azərbaycanda yeni proksilər yaratmaq istəyir. Bunun üçün bu cür şəxsləri təsir altına salıb öz siyasi ideologiyasının alətinə çevirir.
Türkiyədən müxtəlif mətbuat orqanlarından bizə qarşı olan təzyiqlərdə, təsirlərdə məhz İranın rolu şübhəsizdir.
Bəli, ölkəmizdə də bu cür qrupların olduğu məlumdur. Hətta bundan daha ciddi bir qruplar ola bilər ki, onlar daha ciddi məsələlərdə təzyiq göstərmək imkanlarına malikdirlər.
Tutaq ki, onların əlində bu etdikləri əməlləri bilib ifşa edən şəxslərə qarşı yüksək məhrumiyyətlər yaşatmaq rıçaqları var. Deyək ki, məsələn, milli təfəkkürdə ilahiyyatçılar, mütəxəssislər, siyasətçilər var ki, İranın yeritdiyi bu təhlükəli təxribatları ifşa edirlər və mətbuatda, digər yerlərdə çıxış edərək açıb-ağardırlar. Həmin şəxslərə qarşı onların məhrumiyyətlər yaşatma rıçaqları var. Bununla bağlı əlimdə kifayət qədər faktlar var ki, “filankəs İran rejiminin əleyhinə danışdığına görə onu filan işindən məhrum etmək lazımdır” və həmin yerlərdə də öz adamları var, həmin dairələrə, həmin təşkilatlara, həmin qurumlara da sızıblar.
Məhz öz adamları vasitəsilə həmin şəxsləri uzaqlaşdıraraq ora bir İrançı, yaxud İrana neytral mövqedə olan bir fiqur yerləşdirirlər. Söhbət İran rejiminin bu cür mənfur addımlarına qarşı olan məsələdən gedir.
Bax, hesab edirəm ki, bu, daha ciddi məsələdir. Bununla bağlı kifayət qədər faktlar var və onların o proqramından, o proseslərdən əziyyət çəkən də kifayət qədər insanlar var”-deyə T.İrfan qeyd etdi.
İradə SARIYEVA